Vaxt.Az

Trampın tüstüsünə kor olanlar


 

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində

Trampın tüstüsünə kor olanlar ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Robert Müller prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. O, Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən onun biznes sövdələşmələrini araşdıracaq. Virtualaz.org xəbər verir ki, Amerika mediası Robert Müllerin təhqiqat hədəfində Azərbaycanın bir vaxtlar ən qüdrətli klanlarından olan Məmmədovlar klanı ilə Bakıda «Trump Hotel»in açılmasına dair qalmaqallı sövdələşmə də yer alır.

«The Daily World» nəşrinin yazdığına görə ədliyyə nazirinin 3915 saylı əmrinə əsasən Robert Müller Trampın özünün və yaxın ətrafının, habelə onun «Trump Organization» şirkətinin «Rusiya hökuməti və ona bağlı şəxslərlə istənilən əlaqəsini və ya koordinasiyalı fəaliyyətini», habelə araşdırmanın gedişində meydana çıxan və ya çıxa biləcək istənilən sualları araşdırmaq səlahiyyətindədir.

Bu isə o deməkdir ki, Trampın və adamlarının 2016-cı il prezident seçkiləri ərəfəsində atdığı bütün addımlar, bütün biznes sövdələşmələri araşdırma predmetidir.

«Bu, olduqca geniş mandatdır», - keçmiş xüsusi prokuror Donald Smalts bildirib.

Donald Smalts özü 1994-cü ildə o vaxtkı kənd təsərrüfatı naziri Mayk Espi ilə bağlı korrupsiya faktlarını araşdırmaq üçün xüsusi prokuror təyin edilib. O deyir ki, xüsusi prokuror olduqca geniş səlahiyyətlərə malik olur və bu baxımdan indi Trampla bağlı daha geniş, əhatəli və məqsədyönlü araşdırmanın başladığını demək olar.

Beləliklə, keçmiş FTB direktoru Trampın, komandasının üzvlərinin və ailə üzvlərinin  Cənubi Floridadakı Mar-a-Laqo iqamətgahında Rusiya nümayəndələri ilə görüşlərini, kürəkəni Cared Kuşnerin prezident seçkilərindən dərhal sonra Nyu-Yorkdakı «Trump Tover»də Rusiya səfiri Sergey Kislyakla görüşünü və bütün digər təmasları araşdıracaq.

O cümlədən, Trampın 2008-ci ildə Mayamidəki malikanəsini rusiyalı oliqarx Dmitri Rıbolovlevə satması  da araşdırma predmeti olacaq. Həmin malikanə rusiyalı oliqarxa 95 milyon dollara satılıb və daşınmaz əmlak ekspertləri qiymətin «xeyli şişirdilmiş göründüyünü» deyirlər. Habelə xüsusi prokuror onu da araşdıracaq ki, rusiyalı oliqarxlar nədən Trampın Floridadakı daşınmaz əmlak biznesinə 100 milyon dollar yatırıblar.

Trampın şəxsi hüquq müşaviri Maykl Koen də xüsusi prokurorun potensial təhqiqat obyektidir. O, bu ilin fevralında Trampa  Ukraynadakı münaqişənin nizamlanmasına dair rusiyalı emiqrant və keçmiş konqresmen Feliks Saterdən daxil olan potensial sülh planını təqdim etmişdi. Hansı ki, «Trump Organization»da baş müşavir işləyən Sater rusiyayönümlü ukraynalı deputat Andrey Artemenko ilə yaxındır. Koen Trampın Azərbaycan və Gürcüstandakı biznes layihələrində də iştirak edib, seçki kampaniyasında onun qatı müdafiəçilərindən biri olub. Maykl Koenin Bakıdakı «Trump Hotel»in fonunda Trampın qızı İvanka və digərləri ilə çəkilmiş fotosu internetdə var.

Xatırladaq ki, Bakıda «Trump Hotel»i Ziya Məmmədovun ailəsi «Trump Organization»la françayzinq müqaviləsi əsasında tikmişdi. Lakin seçkilərdən bir ay sonra Tramp bu müqaviləni ləğv etdi. Buna baxmayaraq Trampın Bakıdakı otelə onun adının verilməsi və layihənin idarəedilməsi üçün Məmmədovlardan 2.8 milyon dollar aldığı məlumdur. Sənədlərdə «Trump Hotel»in sahibi kimi Ziya Məmmədovun qardaşı Elton Məmmədovun «Baku XXI Century» LLC şirkəti çıxış edir. Lakin layihənin keçmiş nazirin oğlu Anar Məmmədov tərəfindən həyata keçirildiyi məlumdur. Otel hazırda yarımçıqdır və istifadəyə verilməyib.

 





22.05.2017    çap et  çap et