Vaxt.Az

Ərdoğanı Putinə bənzətdilər


 

«The Times»: «Dostları baş nazirin qulağına pıçıldamalıdırlar ki...»

Ərdoğanı Putinə bənzətdilər «İki il öncə Türkiyə hamının sevimlisi idi. Ölkə 2008-ci ilin maliyyə böhranından qurtulmuş, işsizlik 8 faizə düşmüş, hökumət isə dünya birliyinə mötədil islamın uğurlu ola biləcəyini sübut eləmişdi». Musavat.com-un məlumatına görə, bu barədə İngiltərənin nüfuzlu «The Times» qəzetinin bugünkü redaksiya məqaləsində deyilir.
Məqalədə daha sonra qeyd edilir: «Ciddi ümidlər var idi ki, Türkiyədə korrupsiyalaşmış məmurların və qəzəbli generalların yerini müasir plüralistik siyasi sistem tutacaq. Əfsus ki, bu gün Türkiyə deyəsən kardinal şəkildə başqa bir yol tutmaq üzrədir. Onu içdən etirazlar və qalmaqallar gücdən salır, təhsilli gənclik antihökumət ovqatındadır, baş nazir Rəcəb Tayyib Ərdoğan isə belə görünür, bunu anlamaq iqtidarlında deyil, nəinki narazılıqları aradan qaldırmaq». (musavat.com)
Nəşrin qənaətincə, hazırda Türkiyəni özündənrazı və əvəzolunmazlıq hisslərinin idarə etdiyi bir liderin dövləti öz iradəsinə tabe etdirdiyi «putinləşmə» təhdid edir: «Bunu Ərdoğanın 2014-cü ildə səlahiyyətləri qabaqcadan genişləndirilmiş prezident seçkilərinə qatılmaq niyyəti bir daha sübut edir».
«İngiltərə kimi ölkələrdə seçicilər hansısa yolla hakimiyyətdə olan istənilən lider üçün görünməyən məhdudiyyətlər qoyur. ABŞ, Fransa kimi başqa ölkələrdə səlahiyyət müddətləri rəsmən müəyyən edilib. Məqsəd – nə qədər istedadlı da olsa, bir nəfərə öz əlində həddən-ziyadə hakimiyyət cəmləməyə imkan verməməkdir. Türkiyə bizim dostumuzdur. Dostlar isə Ərdoğanın qulağına pıçıldamalıdırlar ki, o da adi ötərilərdən biridir və Türkiyəyə Putin lazım deyil» - deyə müəllif fikrini tamamlayır.
 





08.01.2014    çap et  çap et