Vaxt.Az

İsa Qəmbərə «Get!» çağırışı


 

«Qurultayın keçirilməməsi indiki vəziyyətə gətirib çıxarıb»

İsa Qəmbərə «Get!» çağırışı «Milli Şurada baş verənlər gözlənilən idi. Bir neçə aya yaxın idi ki, bu proseslər gedirdi. İndi yaşananlar, xüsusilə Müsavat Partiyası rəhbərliyinin verdiyi son qərar artıq Milli Şurada siyasi böhranın olduğunu nümayiş etdirir.
Yaranan siyasi böhran Milli Şura daxilində müzakirə edilir. Müsavat Partiyasının Divanı Milli Şuradan getmək haqda qərarını yanvarın 6-da verib. Bu qərar yanvarın 7-də mətbuata elan edilib. Biz yanvarın 7-də bu istiqamətdə müzakirələr aparmışıq, dərhal ikitərəfli görüşlər keçirildi. Çoxtərəfli görüşlərin olması gözlənilir». 
Bunu Milli Şurada yaranan son durumu, Müsavat Partiyasının bu qurumu tərk etməsini teleqraf.com-a şərh edən Sülhəddin Əkbər bildirib. 
S.Əkbər əlavə edib ki, hazırda Milli Şuranın sədri Cəmil Həsənli şuranı təsis edən qurumların rəhbərləri ilə danışıqlara başlayıb: «Yanvarın 7-də, professorun təşəbbüsü əsasında mənimlə görüş keçirilib. Mən bildiyim qədər yaxın günlərdə digər dostlarla da bu tipli görüşlər keçiriləcək. Bu görüşlərdən sonra çoxtərəfli görüşün keçirilməsi planlaşdırılır. Əgər bir qərar olacaqsa, bu geniş tərkibli toplantıda qəbul ediləcək. 
Təbii ki, Müsavat Partiyası Milli Şuranı təsis edən əsas qüvvələrdən biridir. Həm də belə bir siyasi gücün Milli Şuranı tərk etməsi bu qurumun perspektivinə təsir göstərəcək. Odur ki, bütün bu məsələlər Milli Şuranın daxilində ciddi müzakirə edilməlidir. Biz çalışırıq ki, Milli Şura daxilində yaranan bu siyasi böhran müdrik qərarlarla öz həllini tapsın. Əgər biz müdrik qərarlar qəbul edəriksə, bu zaman siyasi böhran yeni inkişafa təkan da verə bilər. Yox, əgər yanlış qərarlar versək, bu Milli Şuranın bitməsinə gətirib çıxara bilər».
Bununla belə, S. Əkbər hesab edir ki, Müsavat Partiyasının iştirakı olmadan da Milli Şuranın fəaliyyəti və olması realdır. Onun fikrincə,  burada əsas məsələ Azərbaycanda alternativ fikir irəli sürən Milli Şuraya xalqın dəstəyi məsələsidir: «Başqa sözlə, aydın siyasi məqsədin seçilməsi, düzgün siyasətin aparılması, doğru strategiyanın izlənməsi, demokratik qüvvələrin mobilizasiyasının təşkilidir. Odur ki, burada hansısa qurumun Milli Şuradan getməsi deyil, xalqın bu quruma verəcəyi dəstək həlledici əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, Cəmil Həsənli Milli Şuranın saxlanılmasında və güclənməsində maraqlıdır. Biz yaranan vəziyyəti kifayət qədər müzakirə etdik və o mənə bildirdi ki, digər siyasi qüvvələrlə də görüşləri olacaq. Hesab edirəm ki, indi yaranan siyasi böhrandan çıxış yolu mümkündür. Cəmil Həsənli ilə mənim strateji məsələlərdə baxışlarımız üst-üstə düşür».
Müsahibimiz əlavə edib ki, əslində Milli Şurada qalan qüvvələrin strateji plan, aydın məqsəd, iş fəaliyyəti, güclü komanda ortaya qoyması üçün potensialı var. Onun fikrincə, bu nəzəri potensialdır və bunun reallaşması üçün siyasi qərarlar və siyasi iradə lazımdır.
Sülhəddin Əkbər Müsavat başqanı İsa Qəmbərin «Biz AXCP, KXCP, EL və Ziyalılar Forumuna ikitərəfli müttəfiqlik və əməkdaşlıq təklif etdik. Ancaq bu qüvvələr Müsavatla ikitərəfli əməkdaşlığa razı olmayıb. Müsavatla ikitərəfli əməkdaşlığa hazır olmayanlarla Müsavat Milli Şura daxilində necə əməkdaşlıq edə bilər» açıqlamasına münasibət bildirməkdən imtina edib: «Mən Müsavat daxili proseslərə bu qədər dərindən müdaxilə etmək niyyətində deyiləm. Müsavatda bizim minlərlə dostlarımız var. Düşünürəm ki, Müsavatın ortaq ağlı düzgün qərar verəcək. İndi hər şeyi Müsavat Partiyasının qurultayından və bu partiyada rəhbərliyin yenilənməsindən gözləmək lazım gəlir. Çünki yanvarın 6-da verilən qərar Müsavatın daxilində keçirilən referendum nəticəsində qəbul edilməyib. Əksinə, bu qərarı Müsavatın indiki rəhbərliyi qəbul edib. Və Müsavatın rəhbərliyində yeniləşməyə böyük ehtiyac var. Çünki Müsavatın qurultayı üç ildən çoxdur ki, keçirilmir. Bu da Müsavat daxilində yaranan indiki vəziyyətə gətirib çıxarıb. Mən düşünürəm ki, artıq Müsavat daxilində olan insanlar ciddi şəkildə qurultaya hazırlaşmalı və Müsavatın rəhbərliyi yenilənməlidir».
 





09.01.2014    çap et  çap et