Vaxt.Az

«... Bu dəfə bağışlamadı»


 

İşdən çıxarılan general: «Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, ...»

«... Bu dəfə bağışlamadı» «Birinci dəfə cənab Prezident «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı».

VAXT.AZ bildirir ki, prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov bunu «Qafqazinfo»ya açıqlamasında deyib.

Xatırladaq ki, general işdən, oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını növbəti dəfə kobud şəkildə pozmasından, ona irad bildirən avtobus sürücüsünü döyməsindən və buna görə saxlanılmasından sonra çıxarılıb.

«Oğlum paraşütdən tullanma üzrə dünya rekordçusudur, Polis Akademiyasında oxuyurdu. Adam vurduqdan sonra oradan çıxartdılar. Nə edək, olmamalı idi, oldu...», - deyə N.Orucov bildirib.

General oğluna görə peşman olduğunu, vaxtında onu cəzalandırmadığını da qeyd edib: «Qoy bu hadisədən bütün generallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə cəzalandırdı».

 





12.07.2017    çap et  çap et