Vaxt.Az

«Vəziyyət belə olmamalıdır»


 

Azərbaycanlı millət vəkili: «Urmiya gölünü konfrans keçirməklə xilas etmək mümkün deyil»

«Vəziyyət belə olmamalıdır» Güney Azərbaycanın Binab şəhərinin İran parlamentindəki millət vəkili Ziyaolla Ezazi Urmiya gölünün canlandırılması ilə bağlı keçirilən konfransda nəzərdə tutulan layihələrin icra olunmamasını tənqid edib.

«Zab çayından Urmiya gölünə su intiqalı ilə bağlı nəzərdə tutulan layihə hələ də icra olunmayıb. Vəziyyət belə olmamalıdır. Urmiya gölünün canlandırılmasını istəyiriksə, o zaman Zab çayı layihəsi icra olunmalıdır. Biz bu layihənin icra edilməsinə dair ölkə prezidentindən də göstəriş gözləyirik», - deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, «Urmiya gölünün qurumasında əsas səbəblərdən biri də sudan yanlış istifadə üsulu və qənaət məsələsidir. O vurğulayıb ki, əgər sudan düzgün istifadə üsuluna keçilərsə, su qıtlığı ilə bağlı bir çox problem öz həllini tapar».

«Konfrans keçirmək və çıxış etməklə Urmiya gölünü canlandırmaq mümkün deyil. Məncə gölü qurtarmaq üçün ən önəmli məsələlərdən biri sudan istifadə ilə bağlı lazımi mədəniyyəti yaratmaqdır. Bu gün Binabın bütün kəndlərin də içməli su problemi yaşanır. Sudan istifadə üsulu yalnız bannerlər üzərində deyil, həyatda öz əksini tapmalıdır»- deyə o əlavə edib.

Şərqi Azərbaycan Deputatlar Birliyinin rəisi Binab düzündə yaşanan su qıtlığı və problemin həll olunmaması məsələsinə də toxunub. «Binab düzünə su intiqalı layihəsi zəif şəkildə icra olunur. Bölgəyə lazımi su çatdırılmasa, yeraltı su yataqlarında suyun miqdarı artmayacaq. Biz həmçinin icazə verə bilmərik ki, Urmiya gölünü canlandırmaq bəhanəsi ilə bölgənin kənd təsərrüfatı məhv edilsin»- deyə Ziyaolla Ezazi vurğulayıb.

O sözlərinin davamında deyib: «Şərif və Tehran universitetlərinə böyük hörmətim var, lakin Urmiya Gölünü Canlandırma Mərkəzindən elmi araşdırmalarda Binab, Təbriz, Marağa və Urmiya universitetlərinin mütəxəssislərindən istifadə etməsini gözləyirəm. Ona görə ki, bu universitetlərin kifayət qədər elmi potensialı var və dünya səviyyəsində əhəmiyyət kəsb edən layihələrlə bağlı bir çox uğurlara imza atıblar».

Azərbaycanlı millət vəkili Zab çayından Urmiya gölünə su çatdırmaq layihəsindən bəhs etdiyi bir vaxtda, sözdə məşhur ətraf mühit üzrə mütəxəssis Abbas Məhəmmədi, millət vəkilinin sözləri ilə ziddiyyət təşkil edən çıxış edib. O yanlış idarəçiliyi Urmiya gölünün qurumasının əsas səbəbi olduğunu bildirsə də, Zab çayından gölə su intiqal etməyi yalnış hesab edib. «Quranın müqəddəs ayələrində olduğu kimi, Allah hər şeyi lazımi qədər yaradıb. Əgər yalnış müdaxilələr olmasa, gölün əsas hissəsi bərpa olunacaq. Hətta Urmiya gölü yüzdə yüz qurusa belə, yenə də Zab, Xəzər dənizi və ya Van gölündən su intiqal edilməməlidir. Bu çox vəsait tələb edir, həm də təhlükəlidir. Belə şeylər eyni halda yaranışa və ekoloji sistemə uyğun deyil», - deyə o vurğulayıb.

Qeyd edək ki, İranın yüksək rütbəli şəxsləri arasında Urmiya gölündə suyun artması, onun hansı şəkildə bərpa olunması, xərclənən vəsait və s. barədə ziddiyyətli xəbərlərin yayılması adi hala çevrilib. Hal-hazırda göldə suyun səviyyəsinin aşağı düşdüyünə dair çoxlu faktlar var, lakin bəzi İran rəsmiləri hələ də Urmiya gölündə vəziyyətin yaxşılaşdığını iddia edir.

 





14.07.2017    çap et  çap et