Vaxt.Az

Vətəndaşsan? Bas bayıra!


 

Azərbaycan pasportu ilə olanlar kazinolara buraxılmasın

Vətəndaşsan? Bas bayıra! Gəlin yenə də qumardan danışaq. Bildiyiniz kimi, Azərbaycanda rəsmi olaraq kazinolara qadağa qoyulub. Amma demək olmaz ki, bütün qumar növlərinə qadağa var, çünki ölkədə rəsmi olaraq «Topaz» adlı totalızator işləyir və bu sahədə bütün monopoliya məhz elə «Topaz»a verilib.

«Topaz» şərikli bir qurumdur, lakin ona nəzarət və onun idarəçiliyi qəribə məntiqlə Gənclər və İdman Nazirliyinə verilib.

Nazirlik isə bu idarəçiliyi tapşırıb deyilənə görə vaxtilə Əli İnsanovun yaxın silahdaşlarından olmuş və adları səhiyyə sistemində korrupsiyada hallanan adamlara.

Lakin, kələmi keçiyə etibar etməsinin müəmmalı səbəblərini araşdırmaq bizim işimiz deyil, bunun üçün müvafiq qurumlar var, dediyim başqadır.

Azərbaycana turist axını yeni imkanlar yaradır və düşünürəm ki, bu imkanlardan maksimum istifadə etmək lazımdır.

İndi düşəcəksiniz üstümə, amma mən kazinoların açılmasının tərəfdarıyam. Bəli, amma bir şərtlə - Azərbaycan vətəndaşları oraya buraxılmasın.

Necə ki majorların əziz məkanı olan Monte-Karlo edir. Monte-Karlo kazinosu bu balaca dövlətə gəlir gətirir, amma heç bir Monako vətəndaşı orada oynaya bilməz. Bu qanundur.

Bildiyiniz kimi, kazinolara pasportsuz buraxmırlar və Monte-Karlo kazinosu dünyada bəlkə də yeganə yerdir ki, orada Monako pasportuna hörmət etmirlər.

Vətəndaşsan? Bas bayıra!

Kazinoların açılması nə verə bilər ölkəmizə? Əvvəla, büdcə gəlir əldə edər, həm də qonşu Tbilisiyə yalnız qumar üçün yollanan xarici turistləri buraya gətirər.

Müəyyən yerlərdə, müəyyən məhdudiyyətlərlə, Azərbaycan vətəndaşlarının buraxılmaması şərti ilə işləyən kazinolar həm iş yerləri deməkdir, həm investisiyaların gəlişi.

Əlbəttə, kazinoların bağlanması vaxtilə düzgün addım idi, neçə-neçə evlər yıxmışdı kazinolarımız, amma o vaxt həm ölkə vətəndaşlarına məhdudiyyət qoyulmamışdı, həm də neftdən gələn pul turizmin inkişafını ikinci plana çəkmişdi.

Bu gün isə büdcəmizin əlavə gəlirlərə ehtiyacı var.

Bilirəm, bunu dəstəkləməyənlər çox olacaq, mentalitet söhbəti və s., bilirəm ki, burada siyasi məqamlar da var, islam dünyasının narazılığı filan, amma onsuzda ölkədə qumar var, totalizatorları nəzərdə tuturam, hamı oynaya bilər və bu oyunlardan da yıxılan evlərin sayı az deyil.

Ona görə, kazinoların açılması dəyərlərimizə əlavə zərbə vurmayacaq, vurulan vurulub onsuzda.

Və xüsusi bir qurum yaratmaq olar ki, ölkədə bütün qumara nəzarət etsin. Həm kazinolara, həm totalizatorlara.

Çünki hələlik görünən odur ki, totalizatorlardan büdcəyə qəpik quruş gəlir, onu idarə edən həmin o kələmsevərlər isə günü gündən zənginləşir, sərvətləri göz qabağında.

Madam dövlət qumar günahını boynuna götürüb, heç olmasa bu günahdan əldə edilən gəlir dövlətin büdcəsinə getsin. Dünən insanların fiziki sağlamlığı, bu gün isə onların mənəvi sağlamlığı hesabına varlanıb harınlayan şəxslərin cibinə yox.

Nəzarətsiz yeyintilərin zamanı arxada qaldı. Bunu könüllü olaraq anlamayanları məcburi anlatmaq vaxtı çatıb.

O ki qaldı kazinolara, zənnimcə, bu mövzu ətrafında müzakirələr aparıb ictimai rəyi öyrənmək pis olmazdı...

 





28.08.2017    çap et  çap et