Vaxt.Az

«Əjdaha»dan sonra «Vampir»?!


 

Ermənistan şokda: bu silahlar Çexiyadan Azərbaycana necə gəlib çıxıb?

«Əjdaha»dan sonra «Vampir»?! Azərbaycan ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı Çexiya istehsalı olan «Dana» özüyeriyən artilleriya sistemlərinin (təkərli şassi üzərində) və RM-70 «Vampir» reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi geniş rezonansa səbəb olub.

Virtualaz.org qeyd edir ki, bu rezonans bir tərəfdən həmin silahların böyük dağıdıcı gücü, son texnologiyalar əsasında modernləşdirilərək yüksək dəqiqliyə malik olması sayəsində Azərbaycanın artilleriya-raket qüvvələrinin düşmən üzərində əzici üstünlüyünü daha da artırması ilə bağlıdır. Digər tərəfdən Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olur və ittifaqın üzvü olan ölkənin istehsalı olan silah sistemləri əldə edir.

Və indi Ermənistanda bunun üzərində baş sındırırlar ki, Çexiyanın istehsalı olan artilleriya və reaktiv yaylım atəşi sistemləri Azərbaycana necə gəlib çıxıb?

«Azadlıq» radiosunun erməni xidməti bu barədə  Çexiyanın Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin cavabında deyilir ki, silah ixracına dair informasiyalar mətbuatda dərc edilmək üçün nəzərdə tutulmur.

Hansı ki, bu və ya digər növdə silahın ixracı üçün lisenziyanı Sənaye və Ticarət Nazirliyinin lisenziyalaşdırma Departamenti verir. Bu zaman müvafiq nazirliklərin-daxili işlər, müdafiə və xarici işlər nazirliklərinin rəsmi əsaslandırmaları nəzərə alınır.

Çexiya XİN daha sonra bildirir ki, bu ölkə son illərdə ümumiyyətlə Azərbaycana «letal silah» ixracına dair lisenziya verməyib. Bundan əlavə 2016 və 2017-ci illərdə Azərbaycanın Çexiyadan «Dana» M1 özüyeriyən artilleriya sistemi və RM-70 reaktiv sistemləri almaqla bağlı müraciətinə rədd cavabı verilib. Bu barədə müvafiq kanallarla Çexiyanın Avropa İttifaqındakı partnyorları məlumatlandırılıb.

«Çexiyanın Xarici İşlər Nazirliyi çex istehsalı olan silahların hansı yolla Azərbaycana gedib çıxdığını bilmir. Nazirlik bu məsələnin araşdırılmasını davam etdirir»-cavabda göstərilir. Ardınca Çexiya XİN bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Münaqişə qarşılıqlı kompromislər və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həll edilməlidir.

Rəsmi İrəvan isə hələlik özünü elə göstərməyə çalışır ki, Azərbaycanın Çexiya istehsalı olan və son texnologiyalar əsasında modernləşdirilmiş artilleriya-reaktiv sistemlərini almasından narahat deyil. Əslində isə erməni ekspert çevrələrində bu silahlarla bağlı ciddi təşviş müşahidə edilməkdədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan Çexiya istehsalı olan həmin silahları qaçaqmalçılıq yolu ilə əldə etməyib və bu, tamamilə leqal mexanizmlər sayəsində mümkün olub. Hansı ki, Azərbaycanın leqal yollarla Aİ üzvü olan ölkədən güclü silah sistemləri əldə etməyə nail olması Ermənistanda pərtlik və çaşqınlıq yaratmaya bilməz.

Bu yaxınlarda Virtualaz.org məlumatlarını genişləndirərək Vaxt.az-da «Təkərlər üzərində cəhənnəm» nədir? başlıqlı məqalədə «Dana» M1 özüyeriyənlərinin imkanları barədə yazmışdıq. RM-70 «Vampir» sistemlərinə gəldikdə bunlar sovet istehsalı olan əfsanəvi «Qrad» reaktiv-yaylım atəşi sistemlərinin çex versiyasıdır, ancaq imkanlar baxımından daha üstündür. Çexiyanın «Excalibur Army» şirkətinin istehsal etdiyi bu sistemlərin modernləşdirilmiş versiyası olan RM-70 «Vampir» ilk dəfə Paris ətrafında keçirilən «Eurosatory 2016» silah sərgisində nümayiş olunub. RM-70 «Vampir» səkkizoxlu, zirehli «Tatra» T-818 (8X8) şassisi üzərində yerləşdirilib. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanlarına malikdir. Bu şassi düz yerdə 85 km/saat, qrunt yolda isə 35 km/ saat sürətlə hərəkət edir.

Sovet «Qrad»ları bir dəfəyə 122 mm-lik 40 raket buraxa bilirsə «Vampir»lər yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raket buraxa bilir. Belə ki,əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses uzağı 1 dəqiqə vaxt aparır. Nəticədə «Vampir» sürətlə atəş mövqeyinə çıxaraq düşmən mövqelərinə təxminən 3-4 dəqiqə ərzində 80 raket yağdıra və çevik şəkildə mövqeyini tərk edib cavab zərbəsindən yayına bilər.

Bəs «Vampir»dən niyə qorxurlar? RM-70-in bir mərmisinin çəkisi 66,35 kq-dır. Maksimal uçuş məsafəsi 20.38 km, hədəfə 2.5 dəqiqəyə çatır. Ən əsası isə 4 nəfər heyəti olan yayılım atəş sisteminin bir komplekti (40 raket) 70 hektar ərazinin altını üstünə çevirir. Bu silahla bir dəqiqə ərzində 140 hektar yerdə daşı üstdə qoymama olar. «Wikipedia»da qeyd olunub ki, Azərbaycan 101 belə yayılım atəş sistemi alıb. Bu isə fantastik güc deməkdir. Azərbaycan bu cür dağıdıcı silahla aprel döyüşlərində olduğu kimi bir həmlədə düşmənin bütün möhkəmləndirilmiş istehkamlarını məhv etməyi düşünür. Görünür ordumuz Qarabağı mümkün qədər əz zamanda azad etmək təkcə sözdə deyil, əməldə də göstərmək məqsədindədir.

Vaxtaşırı verdiyi açıqlamalarında hücum edib, Bakını tutacağı ilə hədələyən düşmənin «Vampir» tipli hansı silahı var? Yenə «Wikipedia»ya nəzər saldıq. Rəqəmlər ermənilərə görə utancvericidir. 300 mm-lik Rusiya istehsalı «Smerç» (say göstərilməyib), 300 mm-lik Çin istehsalı olan «AR1A» (6 ədəd) 273 mm-lik Çin istehsalı olan «WM-80» (4 ədəd), 220 mm-lik Rusiya istehsalı «TOC-1A» (6 ədəd), ənənəvi 122 mm-lik Sovetdən qalma BM-21 «Grad»ları və daz yerdə torağaya atmağa yarayan 40 mm-lik Ermənistan istehsalı olan N-2 (say göstərilməyib). Vur-tut 63 yayılım atəşi raket kompleksi.

Azərbaycanda isə say və çeşid bundan azı 10 dəfə çoxdur. «Smerç» 9A52 300 mm (Rusiya), TOS-1A – (Rusiya), «BM-27 Uraqan» - 220 mm (Rusiya), «Grad» BM-21 122 mm (Rusiya),  «Qasırğa» – 300 mm (Türkiyə), «Sakarya T-122» 122 mm (Türkiyə), «Boran T-107» 107 mm (Türkiyə), «Roketsan T-122» - 300 mm (Türkiyə), «Lynx Grad» 140 mm (İsrail), «LAR-160» – 160 mm (İsrail), «Lynx EXTRA» 300-mm (İsrail), «RAK-12» 128 mm (Xorvatiya) və adından söz etdiyimiz RM-70/85 122 mm (Çexiya). Azərbaycan Silahlı Qüvvələri bir də İsrail istehsalı olan (122 mm, 160 mm, 200 mm, 220 mm) NAİZA raket komplekslərinə malikdir. Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu silahın kalibri və sayı haqda məlumat tapa bilmədik. Beləliklə, NAİZA sistemlərini nəzərə almasaq, ordumuzun arsenalında olan yayılım atəşli raket kompleksinin sayı 589-dur. Bu isə Azərbacan Silahlı Qüvvələrinin düşmən üzərindəki əzici gücünü göstərir.

 





20.09.2017    çap et  çap et