Vaxt.Az

İlham Əliyev Sərkisyanı ifşa etdi


 

Azərbaycan prezidenti: «Ermənistan ötən ilin aprelində aldığı dərsi unutmamalıdır..., lazım gəlsə, o, yenə cəzalandırılacaq»

İlham Əliyev Sərkisyanı ifşa etdi Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib. Gözlənildiyi kimi, ölkə başçısı öz çıxışına Dağlıq Qarabağ münaqişəsi və erməni işğalı ilə başlayıb.

Prezident öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət yönəldib və bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır (APA): «Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var».

Prezident daha sonra deyib: «Lakin Ermənistan qətnamələri həyata yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan «status-kvo»nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir».

Prezident daha sonra təcavüzkara qarşı beynəlxalq təzyiqin olmamasına diqqət yönəldib: «Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur. Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.

Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir».


***


Azərbaycan prezidentinin BMT tribunasında bu çıxışı xüsusən də erməni prezidenti Serj Sərkisyanın bir gün öncə etdiyi, bütünlüklə Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar və işğalçı siyasətə haqq qazandırmaq üzərində qurulmuş təxribatçı çıxışı ilə, o sırada Qarabağla bağlı həyasız iddiaları ilə müqayisədə kontur-arqumentlər baxımından qat-qat sanballı və effektli hesab oluna bilər (Düşmən ölkə başçısının çıxışına ayrı səhifədə ətraflı yer verilib). Bir neçə aspektdən.

Əvvəla, Azərbaycan prezidentinin çıxışı beynəlxalq normalardan qaynaqlanan, qlobal sülhə xidmət edən və beynəlxalq gündəmi əhatə edən çıxış kimi yadda qalıb. Sərkisyanın çıxışının əsasını isə sırf erməni işğalına, dağıdıcı separatizmə haqq qazandıran cılız və əsassız iddialar üzərində qurulmuşdu. Halbuki, dünya birliyi xüsusən də Rusiyanın timsalında artıq işğalçılıq və separatçılıq siyasətindən bezib, bu cür siyasətin necə ağır nəticələr verdiyini yaxşı bilir və o üzən ona neqativ münasibətdədir və qlobal sülhə onu ciddi təhdid sayır.

İşğalçı bir ölkənin başçısı kimi Serj Sərkisyanın bu əsassız, sülh və barış yox, müharibə qoxusu verən təxribatçı çıxışı da bu mənada BMT üzvləri arasına rəğbət doğura bilməzdi – üstəlik, Rusiyanın regiondakı yeganə hərbi forpostu kimi Ermənistanın liderinin beynəlxalq hüquq normalarından, millətlərin öz müqəddəratını təyinetmə haqqından dəm vurması gülünc olduğu qədər absurd görünürdü.

Bu fonda prezident İlham Əliyevin BMT-nin təməl prinsiplərinə söykənən çıxışı diqqət çəkməyə və rəğbət doğurmaya bilməz. Elə bu iki çıxışdakı əsas fərqli məqam da prinsipial əhəmiyyət daşıyır və Ermənistanın doğrudan da dünya birliyi üçün yad, ögey bir ölkə olduğuna şübhə yeri qoymur. O Ermənistan ki, 2014-cü ildə Rusiya daxil, daha 7 ölkə ilə birgə beynəlxalq birliyin iradəsi əleyhinə gedərək, Ukraynanın ərazi bütövlüyü əleyhinə, Krımın Rusiyaya ilhaqına səs verib, işğalçılığı və separatizmi dəstəkləyib.

Azərbaycan isə öz prezidentinin çıxışı timsalında bir daha BMT normalarına və prinsiplərinə sayğılı bir dövlətin başçısı kimi dünya dövlətləri sırasında layiqli yer tutmağa Azərbaycanın tam haqqı çatdığını növbəti dəfə ortaya qoydu. O üzdən 30 ildir dağıdıcı erməni separatizmindən əziyyət çəkən bir dövlətin başçısı kimi prezident İlham Əliyevin çıxışı öz qlobal əhəmiyyəti və önəmi, həmçinin aktuallığı ilə etibarilə qat-qat effektli sayıla bilər. 

Bu yerdə bir neçə mühüm məqamı müqayisəli şəkildə təqdim eləməyə dəyər. Məsələn, Serj Sərkisyan artıq mövcud olan bir erməni dövlətinin – Ermənistanın varlığı fonunda ikinci saxta erməni dövlətinin tanınması vacibliyindən, daha doğrusu, dünya birliyinə zorla sırınması zərurətindən dəm vurursa, ölkələrin ərazi bütövlüyü kimi BMT-nin təməl prinsipini saymazlıqdan gəlirsə, beləliklə də dünya birliyinə sayğısızlıq göstərirsə, Azərbaycan prezidenti dağıdıcı separatçılığın qlobal sülhə hansı təhlükə daşıdığını arqumentli şəkildə ortaya qoyur. Belə vəhşi separatçılığın beynəlxalq sülhə ciddi təhlükə vəd etməsindən həm də beynəlxalq hüquq normalarının diktə elədiyi rakursda danışır. Əsas fərq həm də bundadır.

Yəni, Sərkisyanın çıxışı BMT üzvü olan dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsi üzərində qurulmuş və dağıdıcı separatizmə dəstək niyyəti güdürdüsə, Azərbaycan liderinin arqumentli çıxışı əksinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulnmazlığına, deməli, qlobal sülhə sayğı və inama əsaslanırdı. 

Erməni prezidentinin öz çıxışında dünya ictimaiyyətini çaşdırmağa yönəlik yalanları, o sırada Ermənistanın özü etnik təmizləmə aparıb monoetnik dövlətə çevrildiyi halda, Azərbaycanı etnik təmizləmədə suçlaması kimi həyasız iddialara baş vurması müqabilində Azərbaycan prezidentinin əksinə, arqumentli və konkret faktlara, beynəlxalq sənədlərə və hüquqa söykənən faktlardan çıxış eləməsi əlbəttə ki, Sərkisyanın çıxışının olan-qalan siyasi və təbliğati effektini də basdırmış oldu. 


***


Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edir.

Virtualaz.org-un məlumatına görə, İ.Əliyev bildirib ki, «Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır».

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: «Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb».

 





20.09.2017    çap et  çap et