Vaxt.Az

Xəzərdə nə baş verir?


 

Rusiya gəmilərinin tez-tez Bakıda peyda olmasının səbəbləri nədir?

Xəzərdə nə baş verir? Rusiya hərbi gəmilərinin Bakı buxtasını «su yolu»na döndərməsi yəqin hamınızın diqqətini çəkir və düşündürür. Səbəb nədir və nə baş verir?

Bilirsiniz ki, SSRİ dövründə (ondan əvvəl isə Rusiya İmperiyası zamanı) Bakı rusların Xəzər donanmasının əsas bazası olub. SSRİ dağıldıqdan sonra Rusiya Bakıdakı donanma mərkəzini Həştərxana köçürməyə məcbur oldu.

Son illər Rusiya rəhbərliyinin Xəzərə xüsusi önəm verməyə başladığı və buradakı donanmasını gücləndirdiyi göz önündədir. 2020-ci ilə qədər daha 6 yeni gəmi və kater donanmanın tərkibinə qatılacaq, hərbi texnikanın 90%-i yenilənəcək. Yəni donanma böyüyür. Donanmanın böyüməsi öz növbəsində yeni limanlara və gəmilərə xidmət göstərəcək yeni bazalara ehtiyacı artırır.

Həştərxandakı hərbi-dəniz bazasının bir sıra çatışmazlıqları var. Əvvəla, qışda ora donur və gəmilərin dənizə çıxması üçün buzqırandan istifadə olunmasına ehtiyac yaranır, bu isə operativ reaksiya tələb olunan anda gecikmə deməkdir, üstəlik, gəmilərin buz parçalarına dəyərək zədələnməsi riski də var. İkincisi, Həştərxanda akvatoriyanın nisbətən dayaz olması böyük gəmilər üçün çətinlik yaradır. Rusiyanın Xəzərdə Mahaçqala və Kaspiysk limanları da var, amma belə görünür ki, onlar ehtiyacları tam ödəmir. Gələcəkdə başqa, daha ciddi problemin ortaya çıxacağı da ehtimal edilir. Rusiya və Fransa alimlərinin araşdırmalarına görə, Xəzərin Rusiya və Qazaxıstan akvatoriyası 75 ilə quruyacaq.

Belə şəraitdə Bakının önəmi artır - həm indiki dövr, həm də perspektiv baxımından.

Düşünürəm ki, Bakı keçmişdə olduğu kimi Rusiyanın Xəzər donanmasının mərkəzi bazasına çevrilməsə belə, Moskva ən azı maraqlıdır ki, onun gəmiləri istənilən zaman Bakıya yanaşmaq, burada texniki xidmət, təmir və s. ehtiyaclarını təmin etmək imkanı əldə etsin. Bu, həm də Kremlin Azərbaycan üzərində təsir imkanlarının artması və Azərbaycanın suverenliyinin məhdudlaşması anlamına gəlir.

Əvvəllər Azərbaycan iqtidarı Rusiyanın təsirini və basqılarını ABŞ faktoru ilə neytrallaşdırmağa çalışırdı və buna nail də olurdu. Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərindən birini məhz «Xəzərdə təhlükəsizliyin təmin olunması» məsələsi təşkil edirdi. ABŞ Azərbaycanın hərbi dəniz qüvvələrinə «Xəzərdəki neft-qaz platformalarının təhlükəsizliyinin təmin edilməsi» adı altında təlim keçirdi, bizə bir neçə hərbi kater də vermişdilər. Hətta Pentaqonun sahilimizdə radar yerləşdirmək, bu məqsədlə Bakıda kiçik hərbi kontingent saxlamaq planları barədə söz-söhbət də yayılmışdı. Rusiya və İran bu əməkdaşlıqdan çox ciddi şəkildə narahat idi. Konkret nə baş verdiyini bilmirik (ola bilər ki, bu dövlətlərin təzyiqi ilə, yaxud Azərbaycan iqtidarının öz iradəsi əsasında), lakin son illər Azərbaycan-ABŞ əməkdaşlığının Xəzər komponentinin geriləməsi ortadadır. Bu geriləmə Rusiyanın irəliləməsi ilə müşayiət olundu. Rusiyanın ötən aylarda Xəzərdən qanadlı raketlərlə Suriyaya zərbələr endirməsi onun həm də Xəzərə hakim olmasının nümayişi idi.

Bu durum şübhəsiz ki, Azərbaycanın milli təhlükəsizlik maraqlarına tam ziddir və ciddi risklər ehtiva edir. ABŞ-la yaxın tərəfdaşlıq bölgəmizdə Rusiya amilini tarazlaşdırmaq baxımından çox önəmlidir, hətta yeganə yoldur. Heydər Əliyev bunu çox yaxşı anladığı üçün onun dövründə Xəzərdə təhlükəsizlik tematikası ABŞ-la dialoqda xüsusi yer tuturdu. Lakin son illər ABŞ-la istər siyasi, istərsə də təhlükəsizlik istiqamətlərində dialoq və əməkdaşlıq zəiflədi. Məhz bunun nəticəsidir ki, Rusiya indi öz gəmilərini istədiyi zaman Bakıya doğru istiqamətləndirməkdə hər hansı maneə görmür. Şübhəsiz ki, bunu özbaşına yox, formal da olsa, Azərbaycandan razılıq almaqla edirlər. Aparılan yanlış siyasət nəticəsində Xəzər regionunda yaranmış yeni reallıqlar isə bizim hökumətin Rusiyaya «yox» deməsinə imkan vermir.

 





20.09.2017    çap et  çap et