Vaxt.Az

Hər gün təmasda olduğumuz dahi


 

İnsanın mənən təmizləndiyi, ruhən saflaşdığı məkan

Hər gün təmasda olduğumuz dahi Üzeyir Hacıbəylinin Ev Muzeyi... Hər il Milli Musiqi Günü bu muzeyin divarları arasında qeyd olunur. Muzeyə daxil olanda ziyarətçiləri ilk qarşılayan da musiqi sədalarıdır. Dahi bəstəkarın nəfəsinin toxunduğu otaqların divarları arasından həzin-həzin ətrafa yayılan, onun bəşəriyyətə əmanət edib getdiyi əsərlərin yazıldığı və ilk dəfə səsləndiyi bu otaqlarda musiqi dinləməyin ayrı ahəngi var. Bu evə tez-tez Üzeyir bəyin Azərbaycan musiqi tarixində yerini dəyərləndirən musiqiçilər yığışır. Böyük bəstəkarın gəzib dolaşdığı otaqları görmək, uşaqlıq, gənclik dövrünün, yaşlı çağlarının, dostları ilə çəkdirdiyi fotolarını seyr etmək, əllərinin toxunduğu şəxsi əşyaları görmək üçün ziyarətçilər gəlir. Ömrünün 27 ilini bu evdə keçirən dahi bəstəkar haqqında qiymətli xatirələr səslənir, təkrarsız musiqiləri eşidilir...


132 yaşlı şəxsiyyət


Bu il Üzeyir bəyin 132 yaşı tamam olur. 63 il ömür sürən Üzeyir Hacıbəyli adını Azərbaycan musiqi tarixinə böyük xidmətləri olan şəxsiyyət kimi yazdırıb. O, Azərbaycan professional musiqisinin banisi olmaqla, ilk dəfə musiqili teatrın, milli opera və operettanın yaradıcısı olub, musiqi təhsilinin təməlini qoyub, xalq musiqi orkestrinin yaradıcısı kimi tanınıb. Dahi bəstəkar nəzəriyyəçi, alim, musiqişünas, filosof, tərcüməçi, ictimai xadim, həm də publisist kimi çıxış edib. Üzeyir bəyin publisistik yaradıcılığı 1903-1948-ci illəri əhatə edib. O, hələ Qori seminariyasında oxuyarkən özünün ilk publisistik məqaləsini «Şərqi-rus» qəzetində çap etdirib və qəzetin baş redaktoru Məhəmmədağa Şahtağlı felyetonu yüksək qiymətləndirərək onun gələcəyinə böyük ümid olduğunu deyib. Üzeyir bəyin publisistik yaradıcılığı çox uğurlu olub və bəstəkar vəfat edən günə qədər qələmindən ayrılmayıb. Dahi bəstəkar «Kaspi», «Həyat», « Yeni iqbal», «İrşad» qəzetlərində müntəzəm çıxışlar edib, 1909-cu ildə isə «Həqiqət» qəzetini nəşr etdirib.

Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqatçıları «Dahi bəstəkarın yaradıcılığını nə qədər araşdırırıqsa, yenə də bitmir. Bu tükənməz xəzinə gələcək nəsillərə qalacaq. Hələ gələcək nəsillər onun yazdığı əsərlərin, məqalələrin kodlarını açacaqlar. Üzeyir bəy Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedib» yazırlar. Üzeyir bəy bir institutun görə bilməyəcəyi işləri təkbaşına görüb. O, musiqi məktəbləri, dövlət konservatoriyası yaradıb. Musiqi kollektivlərini - xalq çalğı alətləri, notlu orkestri, simfonik orkestri, simli alətlər kvarteti, dövlət xoru və s. kollektivləri formalaşdırıb. 1934-cü ildə bünövrəsi qoyulan Bəstəkarlar İttifaqının yaranması da onun adı ilə bağlıdır.


Üzeyir bəy bütöv xalqdır


Yaradıcılığı millilik, xəlqilik və bəşərilikdən yoğurulan Üzeyir bəy «İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır. Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir», - deyə sənətinə həssaslıqla yanaşıb.

Üzeyir bəy musiqi sahəsində milli kadrların yetişməsi üçün səylə çalışıb. Azərbaycanın bütün görkəmli bəstəkarları Üzeyir bəydən dərs alıb: Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Niyazi, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Ağabacı Rzayeva və b. Üzeyir bəydən musiqi sənətinin sirlərini öyrənib və öz növbələrində musiqi tariximizə töhfələrini veriblər.

Dahi bəstəkarın tələbələri müəllimlərini yüksək dəyərləndiriblər. Görkəmli bəstəkar və pedaqoq Qara Qarayev «Əsil sənətkar stilini tez-tez dəyişməlidir. Üzeyir Hacıbəyov da belə sənətkarlardandır. Bu rəngarənglik onun yaradıcılığında görünür», - deyib.

Böyük sənətə Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyan görkəmli bəstəkar Fikrət Əmirov isə «Üzeyir bəyə «dahi» demək azdır. Dahi bu qədər işi görə bilməz. Üzeyir bəy bütöv xalqdır. Yalnız xalq bu miqyasda işi görə bilər», - deyib.

Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun Üzeyir bəylə bağlı xatirələri də maraqlıdır: «Evimizdə həmişə görkəmli musiqiçiləri görmüşəm. Konservatoriyada oxuduğum illərdə Üzeyir Hacıbəyli bizim rektorumuz olub. Mən bununla fəxr edirəm. Biz onda akademiyanın nəzdində onillik musiqi məktəbində oxuyurduq. Üzeyir bəy bütün konsertlərimizdə birinci sırada otururdu. Konsert qurtarandan sonra tövsiyələrini deyirdi. Onun dediyi sözlərin hamısı yadımdadır. Üzeyir bəyin 60 illiyində mən solist kimi skripkada onun «Arşın mal alan» musiqili komediyası üzərində yazılmış «Fantaziya»nı simfonik orkestrlə ifa etdim. Üzeyir bəyin qarşısına çıxmaq böyük məsuliyyət tələb edirdi. Dahi bəstəkar konsertdən sonra «Tofiq Bakıxanovun uğurlu gələcəyi var» dedi. Üzeyir bəy bizə qonşu idi. Atamla da işə bir gedib-gələrdi. Onların söhbətləri tuturdu. Bir gün atama «Əhməd xan, gələcəyi fikirləşib mədəniyyətimizi inkişaf etdirməliyik. Bizdə Avropa alətləri çalan yoxdur. Sən üç övladının hərəsini bir aləti ifa etməyə yönəlt ki, qoy gələcəkdə musiqimizə lazım olsun» dedi. Atam da onun təşəbbüsü ilə bizi Konservatoriyanın nəzdində istedadlı tələbələr məktəbinə yazdırdı. Mən skripka sinfində oxudum və ömrümü bəstəkarlığa həsr etdim».


Xeyirxah Dahi


Üzeyir bəyin ad gününü vaxtilə yaşadığı, hazırda muzeyə çevrilən evdə qeyd etməyə yığışanlar isə dahi bəstəkarın doğum gününü Milli Musiqi Gününə əsil töhfə adlandırdılar.

Ev-muzeyin direktoru Sərdar Fərəcov dahi bəstəkarın yaradıcılığından söz açaraq «Üzeyir bəyin irsi böyükdür. Bu irsdən bu gün də qidalanırıq, öyrənirik. Böyük bəstəkarın həyatı davam edir, çünki onun əsərləri yaşayır. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur, səslənir, dinlənilir» dedi.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Üzeyir Hacıbəyovu Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirdi: «Üzeyir bəy Azərbaycan xalqının bəşəriyyətə hədiyyə etdiyi dühadır. Üzeyir bəyin adını daşıyan Ev-muzeyə hər bir azərbaycanlı baş çəkməlidir. Çünki bu məkana gələndə insan təmizlənir, saflaşır. Bura böyük ocaqdır. Uşağın, gəncin, böyüyün yolu bu muzeydən keçməlidir».

Akademik E.Əliyev hər dəfə dahi bəstəkarın ev muzeyinə gələndə kövrəldiyini dedi: «Biz hər gün Üzeyir bəylə təmasdayıq. Himnimizə qulaq asırıq, musiqilərini dinləyirik və ona rəhmət oxuyuruq. Bu musiqiləri yazacaq ikinci bir bəstəkar doğulmayacaq».

Professor Asif Rüstəmli Üzeyir bəyin ad gününü Milli Musiqi Gününə töhfə adlandırdı: «Üzeyir bəy Azərbaycan xalqının musiqi zövqünün yüksəlməsində rol oynayan bəstəkardır. O bir sıra yeniliklərə imza atmış şəxsiyyətdir: «1917-ci ildə nəşr olunan qəzetlərdə Hacıbəyli qardaşlarının teatr truppası ilə bağlı materiallara rast gəldim. Bu, ilk sahibkarlıq fəaliyyəti ilə məşğul olan truppadır. Həmin truppa 1923-cü ilə qədər fəaliyyət göstərib. Məşhur rejissor və aktyor Hüseyn Ərəblinski öldürüləndən sonra bu teatr onun həyat yoldaşına əməkhaqqı ödəyib. Bu baxımdan Üzeyir bəy həm də dahi xeyirxah idi». Azərbaycanın müstəqilliyinin əldə edilməsində Üzeyir bəyin böyük xidmətləri olduğunu deyən A.Rüstəmli onu əsərlərinin bütün dövrlər üçün əbədiyaşar olduğunu söylədi: «Üzeyir bəy Cümhuriyyətin himninin müəllifidir. O, bütün əsərləri ilə, Azərbaycan himni ilə yaşayır».

Şair Yusif Həsənbəy dahi bəstəkarın qələmindən çıxan hər notu əvəzolunmaz adlandırdı: «Üzeyir bəyin əsas xidməti xalqı maarifləndirmək olub. Üzeyir bəy həmişə o yüksəklikdə qalacaq».

İranlı müğənni Yaqub Zurufçu ilk dəfə 13 yaşı olanda Üzeyir bəyin «Sevgili canan»ını oxuduğunu dedi: «O zaman mən Üzeyir bəy haqqında Təbrizdə nəşr olunan kitabı oxudum və heyran oldum. O vaxtdan bəri onun musiqilərini dinləyir və ifa edirəm. Mən Üzeyir bəyin əsərlərindən ibarət disk çıxartmışam. Həmin disk Amerikada böyük tirajla satılıb. Biz Üzeyir bəyin əsərlərini təbliğ etməliyik ki, böyüyən nəsil böyük bəstəkarın kimliyini bilsin, onun əsərlərinə bələd olsun. Üzeyir Hacıbəylinin adını, onun əsərlərini tanıtmaqla Azərbaycanın mədəniyyətini tanıdırıq. Üzeyir bəy Azərbaycan xalqının mənəvi sərvətidir».

Artıq 9 ildir ki, ölkəmizdə dahi bəstəkarın adına Beynəlxalq Musiqi Festivalı keçirilir. Dünyanın hər yerindən musiqiçilər bu festivala dəvət olunur. Bu musiqi günləri təkcə böyük bəstəkarın əsərlərini təbliğ etmir, həm də ölkəmizi tanıtmağa xidmət edir.

Üzeyir bəyin əsərləri orta və ali məktəblərdə tədris olunur. Ancaq musiqiçilər hesab edirlər ki, Azərbaycan dövlət himninin müəllifinin tanıdılması üçün daha geniş təbliğat aparılmalıdır. Televiziya kanallarında, radiolarda böyük bəstəkara verilişlər həsr olunmalı, musiqiləri səslənməli, mətbuat onun yaradıcılığını təbliğ etməlidir. Böyüyən nəsil Üzeyir bəyin əsərlərini tanımalı, yaradıcılığına bələd olmalı, şəxsiyyətinin böyüklüyündən xəbər tutmalıdır. Çünki biz Üzeyir Hacıbəylini tanıtmaqla, Azərbaycan xalqını, onun milli musiqisini tanıdırıq.

 





21.09.2017    çap et  çap et