Vaxt.Az

Uşaqlar smartfonun əsirliyində


 

Onlar real həyatdansa, virtual aləmdə olmağa üstünlük verirlər

Uşaqlar smartfonun əsirliyində BBC Dünya Xidməti radiosunun «Daily Business» proqramında uşaqların smartfonlardan istifadəsinin onların ruhi sağlamlığına təsiri barədə veriliş yayınlanıb. Verilişdə deyilirdi ki, texnologiyaların yaratdığı təhlükələrdən narahatlıq yeni bir şey deyil.

Yeni mahnını dinləmək, kompüter oyunları oynamaq, kinoya getmək və hətta kitab oxumaq belə müəyyən vaxtlarda hakimiyyət üçün təhlükə, sosial münasibətlər üçün ziyan sayılıb və yeni texnologiyaların hətta adamları günaha təhrik etdiyi söylənib.

Görəsən smartfonlara münasibət bundan fərqlidirmi? Smartfonlardan narahatlığı yaradan adi texnofobiya deyilmi?

Kolorado ştatından Tim Farnamon smartfonların uşaqlara təsirindən o qədər narahat olub ki, onların 13 yaşından aşağılara satışının qadağan olunması üçün hərəkata başlayıb.

O deyib ki, arvadı ilə çətin boşanma dövrü yaşayırdı və təəssüf ki, həmin vaxt uşaqlarının smartfonla məşğul olmasına, baxdıqları materialın məzmununa və istifadə vaxtına kifayət qədər diqqət ayıra bilməyiblər və bunun nəticəsi çox ağır olub.

Tim Farnamon: Bu telefonlar uşaqlarda elə bir aludəlik yaradır ki, onlar real həyatda olmaqdansa, virtual aləmdə olmağa üstünlük verirlər.

Bu ona səbəb olur ki, onlar həyat vərdişləri öyrənməli olduqları yaş mərhələsindən yan ötürlər.

Axşamlar ailə ilə bir şam süfrəsi arxasında əyləşməkdənsə onlar öz telefonları ilə otaqlarına qapılmağa üstünlük verirlər. Bu, getdikcə normal bir hala çevrilir və onların yeniyetməlik çağı beləcə keçir.

Bu uşaqları bir növ yalnız öz telefonları ilə olmaq, oyun oynamaq istəyən məxluqlara çevirir.

Bu elə böyük bir problemdir ki, vurduğu ziyanın yaxın 20 ildə təhqiq olunacağını söyləyirlər. Amma biz bu qədər gözləyə bilmərik və hökumət bu məsələyə müdaxilə etməlidir.

Valideyn Tim Farnamon bir neçə başqa ekspertin də daxil olduğu qeyri-mənfəət təşkilatı yaradıb və onlar birlikdə qanunvericilik təklifi hazırlayıblar. Əgər bu təklif qanun kimi qəbul edilsə, Kolorado Birləşmiş Ştatlarda smartfonalrın uşaqlara satılmasına yaş limiti qoyan ilk ştat olacaq.

Lakin bu kifayət qədər ziddiyyətli məsələdir. Smartfonların yaratdığı problemlər valideynliyin səhvlərindən, yoxsa smartdonların özündən irəli gəlir?

«Pew» araşdırma mərkəzi də daxil son illərdə bir neçə qurumların apardığı araşdırmalar smartfonların aludəlik yaratdığı nəticəsinə gəlib.

Psixoloq Jan Tvenq (Jean Twenge) smartfonların uşaqların bütöv bir nəslini necə təsirləndirdiyi barədə ayrıca kitab yazıb. Onun araşdırması ABŞ-da 11 milyon uşağın smartfondan istifadəsinə dair məlumatlara əsaslanır. Psixoloq deyib:

Mən bu nəticəyə gəlmişəm ki, son illərdə yeniyetmələr arasında ruhi sağlamlıq problemləri artıb. Ən böyük artım 2011-2012-ci illərə təsadüf edir. Bu həmin vaxtdır ki, artıq ABŞ uşaqlarının 50 faizinin smartfonu var idi. Bu dövrdə depressiya, tənhalıq, klinik ruhi sarsıntılar artıb və intiharların da sayı yüksəlməyə başlayıb.

Bunu necə iddia etmək olar ki, bütün bunlar smartfonlarla bağlıdır?

Bəziləri deyirlər ki, burada səbəb-nəticə qarşılığı tərsinə də ola bilərdi. Yəni ola bilsin ki, yeniyetmələr depressiya keçirirlər və buna görə də smatfonlara və sosial mediaya üz tuturlar. Lakin ayrılıqda aparılmış üç tədqiqat belə bir əlaqənin olduğunu istisna edib.

Yəni aşkar edilib ki, sosial mediadan çox istifadə qüssəyə səbəb olur, amma qüssə sosial mediadan istifadəyə sövq etmir. Məsələn, «Facebook»dan istifadəyə bir ara fasilə verənlərin əhval-ruhiyyəsində yüksəliş qeydə alınıb.

Smartfondan istifadənin nəyi onu belə zərərli edir?

Bir tərəfdən yeniyetmələr görə bilərlər ki, onlar yaşıdlarının gördüyü işlərə dəvət olunmurlar və özlərini kənarda qalmış kimi hiss edə bilərlər. Halbuki uşaqlar birlikdə bir qonaqlıda olanda özlərini daha xoşbəxt hiss edirlər.

Valideynlər uşaqlarını bu zərərli təsirlərdən necə qoruya bilərlər?

Uşağınız balacadırsa, onun əlinə smartfon keçəcəyi vaxtı mümkün qədər uzaqlaşdırın. İndi bir çox uşaqlara smartfonları 10-11 yaşlarında alırlar, halbuki bu yaşda olanların ruhi problemləri yuxarı yaşlılardan daha genişdir.

Uşağa smartfon alındıqdan sonra ondan istifadəyə vaxt limiti qoyulmalıdır. Bizim araşdırmalarımız göstərib ki, günə bir saat istifadə elə bir problem yaratmır. Problemlər istifadə iki saatı aşanda başlanır.

Mənim uşağımın 11 yaşı var, tezliklə 12 olacaq. O smartfonu və planşeti ilə xeyli vaxt keçirir, dostları ilə ünsiyyətdə olur. Mən qorxuram ki, buna məhdudiyyət qoysam, o özünün daha çox təcrid edilmiş kimi hiss edə bilər.

Məsələ burasındadır ki, uşaqların ruhi sağlamlığına pis təsir edən dostları ilə ünsiyyət yox, bunun smartfonla və başqa elektron avadanlıqla edilməsidir. Odur ki, uşağınızın dostları ilə üzbəüz canlı olaraq görüşə bilməsi üçün yollar axtarmalısınız.

Elə isə burada daha çox məsuliyyət kimin üzərinə düşür? Valideynlərinmi? Yoxsa hökumətmi nəsə etməlidir və ya bəlkə də bu barədə sosial media saytları bir tədbir görməlidir?

Sosial media şirkətləri istifadə vaxtının ixtisarında maraqlı deyillər. Bu saytlardan uşaqlar nə qədər çox istifadə etsələr, onların mənfəəti bir o qədər artır.

Zənnimcə biz bu barədə çox ciddi söhbət etməliyik. Qərara gəlməliyik ki, növbəti addımımız nədən ibarət olacaq. Mən bu məsələnin vacibliyini vurğulayan yalnız bir carçı kimi çıxış edə bilərəm.

 





05.10.2017    çap et  çap et