Vaxt.Az

Məhəbbət Kazımov vəfat etdi


 

61 yaşlı Azərbaycanın əməkdar artisti bu gün səhər saatlarında Bakıda epilepsiya tutması nəticəsində dünyasını dəyişib

Məhəbbət Kazımov vəfat etdi Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov vəfat edib. ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından xəbər verilib. Məlumata görə, saat 11:03-də çağırış verilib. Həkimlər çatanda müğənni artıq vəfat edibmiş. Müğənnin epilepsiyadan (sudurğa) vəfat etdiyi qeyd edilib.
Əməkdar artist sabah dəfn ediləcək. ANS PRESS-in mərhumun evində olan əməkdaşının verdiyi məlumata görə, hələlik sənətçinin harada dəfn ediləcəyi dəqiq bəlli deyil. 
Mərhumun oğlu Rəşid Kazımovun bildirib ki, yaxınları onun Bərdədə dəfn edilməsini istəyirlər. «Amma biz Bakıda dəfn etməyi düşünürük». 
O, atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. «Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı». 
Bu gün sənətçi ilə vidalaşmağa onun sənət dostları - Baloğlan Əşrəfov, Manaf Ağayev, Yusif Mustafayev və başqaları gəliblər. 
Baloğlan Əşrəfov yaxın dostunu itirdiyini deyib. «Azərbaycan mədəniyyəti öz dəsti xətti olan sənətkarını itirdi. Mən Türkiyədə müalicə ediləndə Məhəbbət məni yalnız buraxmayıb. Onun bizi belə tez tərk etməsini gözləmirdik».
Xatırladaq ki, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinfində oxuyub. 
1976-cı ildən professional səhnədə çıxış edir. «Dan Ulduzu» ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və s. ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də «Laçınım» mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının «Əməkdar artist» fəxri adına layiq görülüb. 
1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır.
 





27.01.2014    çap et  çap et