Virtualaz.org-un məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, oktyabrın 19-da «İnkişafda olan səkkizlər»in (D-8) dövlət və hökumət başçılarının İstanbul Zirvəsinin nazirlər şurasının iclası işə başlayıb.
«D-8» formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya «Böyük iyirmilər»in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan «Böyük iyirmilər»in toplantılarında xüsusi statuslu qonaq kimi təmsil olunub.
«D-8»in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində meydana çıxıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı ilə təsis olunub. «D-8» ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.