Suriya Demokratik Qüvvələri (SDF) ötən həftə Raqqanı və bazar günü Suriyanın ən böyük neft yatağını ələ keçirdiyini bildirib.
Raqqadan alınan son görüntülərə istinadən şəhərin xarabalığa çevrildiyini bildirən Moskva, Raqqanı İkinci Dünya Müharibəsi dövründə Qərb müttəfiqləri tərəfindən məhv edilən Drezden şəhərinə bənzədib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya mülki əhali üçün riskləri minimumadək azaltmağa çalışdığını bildirib.
Ötən il Hələb şəhərini bombaladığına görə Rusiyanın özü də hərbi cinayət törətməkdə ittiham olunmuşdu.
Hərbi cinayətləri araşdıran BMT müstəntiqləri ötən həftə bildirib ki, Raqqada «dəhşətli sayda» insan həlak olub.
Suriyalı fəallara görə, Raqqada ölən mülkilərin sayı 1,130 - 1,873 arasındadır və onların əksəriyyəti ABŞ koalisiyasının hava zərbələri nəticəsində həlak olub.
Koalisiyanın hava zərbələri kürd və ərəb silahlılarının birləşdiyi SDF qüvvələrinə Raqqanı ələ keçirməyə imkan verib.
Rusiya Müdafiə Nazirliyi Raqqa xarabalıqlarının 1945-ci ildə Drezden şəhərinin düşdüyü vəziyyəti xatırlatdığını bildirib.
«Raqqa 1945-ci ildə ABŞ və Britaniyanın hava zərbələrindən sonra Drezdenin düşdüyü vəziyyəti xatırladır», - general-mayor İqor Konaşenkov deyib.
O, əlavə edib ki, indi Qərb Raqqada törədilmiş cinayətin üstünü ört-basdır etmək üçün, bu şəhərə maliyyə yardımı göndərməyə tələsir.
ABŞ koalisiyası isə bildirib ki, Raqqada hava zərbələri yalnız hədəflərə endirilib və bu zaman mülki əhaliyə dəyən zərərin minimallaşdırılması başlıca məqsəd olub.
Raqqa şəhəri 3 il ərzində İD nəzarətində olub, ötən həftə isə, dörd ay davam edən döyüşlərdən sonra, şəhər SDF qüvvələrinin nəzarətinə keçib.