Vaxt.Az

Kataloniyanın nəyi çatmırdı?


 

Bölgə əhalisi bütün sahələrdə ölkənin digər yerləri ilə müqayisədə daha üstün imkanlara malik idi

Kataloniyanın nəyi çatmırdı? Kataloniya İspaniyanın ən zəngin regionudur. Burada insanların rifah səviyyəsi ölkənin digər hissəsi ilə müqayisədə yüksəkdir. Bölgədə adambaşına düşən ÜDM-in həcmi 30 min avro civarındadır, İspaniyanın digər hissəsində isə 23 min. İşsizliyin səviyyəsi ölkənin digər regionları ilə müqayisədə aşağıdır. Cəlb olunan xarici sərmayələrin həcminə görə də Kataloniya İspaniyanın digər bölgələrini üstələyir.

Siyasi hüquqlar da öz yerində: İspaniya demokratik ölkədir, Avropa Birliyinin üzvüdür. Region muxtar statusa malik idi, özü özünü idarə edirdi. Katalonların əsas narazılığı mərkəzi büdcəyə böyük məbləğdə vergi ödənilməsi ilə bağlı idi. (Onların iddiasına görə ildə 16 milyard avro, Madridə görə 10 milyard avro.) Düşünürlər ki, müstəqillik əldə etməklə indiki durumu qorumaqla bərabər, mərkəzi büdcəyə ödədikləri vergilər də ciblərində qalacaq. Ayrılıq əgər Çexiya-Slovakiya variantı ilə həyata keçsəydi, bu fikirləri qəbul etmək olardı. Amma Madridin və Brüsselin (AB) qəbul etmədiyi bir şəraitdə müstəqillik sevdası Kataloniya üçün xoş perspektiv vəd etmir.

Kataloniyanın ixracının 80 faizi İspaniyanın digər bölgələrinin və AB-nin payına düşür. Əgər İspaniya fiziki sərhədlər qursa, gömrük məntəqələri yaratsa, nə baş verəcək? Təbii ki, mal və xidmətlər indiki kimi sərbəst, gömrük rüsumları olmadan dolaşa bilməyəcək. Xarici kapital, böyük biznes mübahisəli hüquqi duruma malik, biznes mühitinin korlandığı bölgədə qalacaqmı? Təbii ki, yox. Referendumdan bu yana 2 min civarında şirkət mərkəzi ofisini Kataloniyadan köçürüb, mübahisələrin uzanacağı təqdirdə isə onlar istehsalı da İspaniyanın digər regionlarına köçürəcəklər, mərkəzi hökumət də bu prosesi təşviq edəcək. Turistlər əvvəlki səviyyədə Barselonaya gələcəkmi? Böyük ehtimalla yox. AB tanımadığı üçün avrozonadan çıxmaq məcburiyyəti də yaranacaq ki, bu halda hansı xaosun yarana biləcəyini təsəvvür etmək çətin deyil.

Bütün bunlar zəncirvari şəkildə ticarət dövriyyəsinin, ixracın, gəlirlərin azalmasına, işsizliyin artmasına, ümumilikdə bölgə əhalisinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq.

Dəyərmi?

Kataloniyadakı əhval-ruhiyyəni dəqiq bilmirəm. Amma referendumdan öncə keçirilən rəy sorğusunda əhalinin əksəriyyəti yalnız dinc yolla ayrılığı dəstəklədiyini bildirmişdi və nəyin bahasına olursa olsun ayrılmağa tərəfdar çıxanlar 37 faiz təşkil edirdi. Referendumda iştirak faizi cəmi 43 faiz oldu. (90 faiz lehinə.)

Bu müstəqillik legitim deyil.

 





27.10.2017    çap et  çap et