Vaxt.Az

Münbit torpaqla alt tuman-köynəyinin elmi əlaqəsi


 

Basdırılmış alt paltarları torpağın keyfiyyətli yoxlamaqda əvəzsiz vasitədir

Münbit torpaqla alt tuman-köynəyinin elmi əlaqəsi «The Telegraph» yazır ki, fermerlər almaq istədikləri torpaqların münbitliyini yoxlamaq üçün o torpaqlarda bir-iki alt tuman-köynəklərini basdırmalıdırlar.

İngiltərə Kənd Təsərrüfatı və Gülçülük Şurası, habelə Şotlandiyanın Keyfiyyətli Ət mərkəzinin iddiasına görə torpağa basdırılmış alt paltarları torpağın keyfiyyətli olub-olmaması barədə əvəzsiz məlumat verə bilər.

Ekspertlərin fikrincə, steril və cansız torpaqda alt paltarları iki ay müddətində olduğu kimi qalır. Əksinə, üzvü baxımdan zəngin torpaqda alt tumanlarından yalnız rezin tumanbağı çürüməmiş qalır.

Ekspertlər deyirlər ki, torpağın münbitliyini bu üsulla müəyyən etmək üçün iki ay tamamilə kifayətdir.

Söhbət ilk növbədə heyvandarlıq üçün xüsusilə önəm daşıyan otlaqlardan və örüş yerlərindən gedir. Bir qayda olaraq keyfiyyətli otlaqlar keyfiyyətli ət məhsulu yetişdirilməsində həlledici rol oynayır.

«The Telegraph» yazır ki, şotland fermer Layn Qrin (Lain Green) öz alt paltarlarını müxtəlif örüş yerlərində sentyabr ayından basdırmağa başlayıb.

«Nəzəriyyə bundan ibarətdir ki, pambıq parçadan hazırlanmış alt paltarları torpaqdakı mikrob və bakteriyalar tərəfindən yeyilir. Nə qədər çox yeyilsə bir o qədər yaxşıdır, - deyib fermer, - Biz öz alt paltarlarımızı çox torpaqlarda basdırmışıq. Bəzi yerlərdə bizə elə gəlirdi ki, torpaq münbitdir. Amma belə deyilmiş».

Cənab Qrin deyib ki, nəticələr doğrudan da heyrətamiz olub.

«Buradakı bəzi torpaqlar həddən artıq sulu idi. Bu isə o demək idi ki, bu torpaqlarda oksigen aclığı var və alt paltarları da tamamilə salamat qalırdı», - deyib Qrin.

Məqalədə deyilir ki, bu üsul ilk dəfə iyul ayında Kaliforniya Fermerləri Gildiyası tərəfindən tətbiq edilməyə başlayıb. Sonradan bu üsulu dünyanın başqa yerlərində də sınaqdan çıxarıblar.

Alimlər deyirlər ki, sağlam torpaqlarda bakteriya, göbələk, qurdlar kimi milyonlarla kiçik orqanizmlər olur.

Kaliforniya Fermerlər Gildiyasının direktoru Evan Vilq (Evan Wiig) izah edir ki, pambıq üzvü materialdır və buna görə də torpaqda tamamilə üzvü çürümə prosesindən keçir.

Alimin fikrincə yaxşı torpaq axtarırsınızsa, pambıq parçadan olan alt paltarlarınızı bu torpaqda basdırın.

Əgər iki aydan sonra onların rezin bağlarından başqa heç nə tapmasanız, deməli, bərəkətli torpağı tapmısınız.

 





04.11.2017    çap et  çap et