Vaxt.Az

Mahmudov həbsə gedir?


 

MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?

Mahmudov həbsə gedir? Ötən həftəsonu, 2015-ci ilinin oktyabr ayının 17-də vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sensasion gəlişmələr baş verib. «Yeni Müsavat» xəbər verir ki, əvvəl onun əmisi oğlu, eyni zamanda, 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ləğv edilmiş MTN-in polkovnik-leytenantına qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kimdir axı bu Vüqar Mahmudov?

 

Eldar Mahmudov nazir təyin ediləndən dərhal sonra- 2004-cü ildə MTN-də işə götürülən əmisi oğlu bu illər ərzində bütün mümkün dövlət mükafatlarını sinəsinə taxdıra bilib. O, «Hərbi xidmətlərə gorə», «Vətən uğrunda», « İgidliyə görə» medalları, «Vətənə xidmətə görə» ordeni alıb. Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudovun adı «MTN işi» istintaqı başlayandan dərhal sonra gündəmə gəlmişdi ki, bu da təsadüfi deyildi. Nazirin əmisi oğlunun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. MTN-in qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilirdi ki, bu səbəbdən də onu «qara kassa» adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan «obşi kotyol»dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətləri olub. Bildirilir ki, özü də qeyri-qanuni yolla yüzlərlə insanın var-mülkünü əlindən alıb.

 

«Nazirim, əzizim» demişdi...

 

Onu Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər yüksək rütbəlilərin məhkəməsində dindirmişdilər. V.Mahmudov «Bakı Metropoliteni»nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən indi həbsdə olan əmi oğlu qısa cavab vermişdi: «Eldar Mahmudov nazirim və əzizim olub». V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi.

V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı «heç nədən xəbəri» olmadığını, «Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb», demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov MTN-in Bakı rayon rəhbərlərinin əli ilə sahibkarları talan edirmiş ki, bu da məhkəmədə ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, ardınca isə sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb...

 

2 ildir açılmayan mübhəm

 

Mahmudovun gözlənilmədən həbsi, onun ardınca isə sabiq nazirin son 2 ildə ilk dəfə olaraq istintaqa çağırılması ilə bağlı xəbərin dərhal tirajlanması, əlbəttə ki, səbəbsiz deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, V.Mahmudovun adı «MTN işi» üzrə məhkəmələrdə keçirdi. Onun məhkəmələrdə özünü arxayın aparması, təkzibolunmaz faktlara baxmayaraq, həbs edilməməsi ciddi suallar doğururdu. Bildirilirdi ki, E.Mahmudovu «qoruyan əllər» möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Yəni V.Mahmudovu indi yox, toplanmış sübutlarla bundan 1 il əvvəl də həbsə ata bilərdilər. Eləcə də MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda E.Mahmudovun hətta şahid kimi ifadə verməməsi, indi isə qəfil istintaqa çağırılması qafaları qarışdırıb.

Yalnız bir dəfə, bu ilin iyununda sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər çıxmadı.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq edib ki, E.Mahmudovun istintaq idarəsinə çağırılması V.Mahmudovun cinayət işi ilə bağlıdır.

 

Mahmudovun «suçu nə»?

 

Öncə qeyd edilməlidir ki, 2 ildən sonra həm E.Mahmudovun ən yaxın sirdaşının ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması siyasi qərardır. E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. Çünki E.Mahmudov 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilir.

E.Mahmudovun indiyədək həbs edilməməsi səbəbləri barədə bir neçə versiya səslənib.

Birinci versiya bu idi ki, E.Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən külli-miqdarda vəsait çıxarıb ki, bunu qaytarmağa söz verib. Məlumdur ki, C.Hacıyev də «Beynəlxalq Bank işi» başlayandan sonra bir neçə ay azadlıqda qaldı ki, bunun da səbəbi qudaların dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı ki, bu da C.Hacıyevə 15 il cəza ilə nəticələndi. E.Mahmudovun həbs edilməməsində önə çıxan versiyalardan biri pulları qaytarmaq vədi idi.

İkinci versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlı idi. Hətta bildirilirdi ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxarda bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun. Məsələn, E.Mahmudovun hansısa təmasları (lap elə müxalifətlə) və ya xaricdə şübhəli əlaqələri de-şifrə olunsun.

O da mümkündür ki, hakimiyyət E.Mahmudovu ev dustağı etsə də, bu, ona nəzarət üçün kifayət etməsin. Nəhayət, istisna deyil ki, cəmiyyətdə MTN işinə görə əsas günahkarın Eldar Mahmudovun olması ilə bağlı birmənalı rəyi də iqtidarın onunla bağlı mövqeyini dəyişsin.

Hər halda, E.Mahmudovun həbsə getmək ehtimalı ilk dəfə olaraq bu qədər ciddiləşib. Onunla bağlı qərarın nə olacağı isə tezliklə bilinəcək.

 





06.11.2017    çap et  çap et