Vaxt.Az

Hərbçilərimiz İtaliyada təhsil alacaq


 

İki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb

Hərbçilərimiz İtaliyada təhsil alacaq Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində «Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr»i keçirilib. Bu barədə mediaya nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

Müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış və yekunda «Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı» imzalanmışdır.

Tədbirdə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi iştirak etmişlər.

 





28.01.2014    çap et  çap et