Vaxt.Az

Dollar ucuzlaşır - avro bahalaşır


 

Almaniya ÜDM-sinin rüblük artımı Avrozona valyutasının dəyərinə 1 faiz təsir edib

Dollar ucuzlaşır - avro bahalaşır Dünya valyuta birjalarında avronun qiyməti çərşənbə axşamı 1.1801 dollara kimi, yəni 1 faiz bahalaşıb. Bahalaşmaya səbəb isə dünən həm Almaniya, həm də Almaniyanın üzv olduğu Avrozona iqtisadiyyatı ilə bağlı ümumi iqtisadi inkişaf göstəricilərinin açıqlanmasıdır.

Almaniyada ÜDM 2017-ci ilin üçüncü rübündə 0.8 faiz artıb və beləliklə, iqtisadi inkişaf səviyyəsi illik 1.0 faizdən 2.3 faizə yüksəlib. Avrozonada isə iqtisadiyyat rüblük müqayisədə 0.6 faiz, illik müqayisədə isə 2.5 faiz artmaqla, inkişafına davam etməkdədir.

Bununla yanaşı, Avrozonanın birinci və dünyanın dördüncü ən güclü dövləti Almaniyada iqtisadi vəziyyəti əks etdirən və maliyyə bazarlarında böyük maraqla izlənilən «Avropanın İqtisadi Araşdırma Mərkəzinin» (alm.: «ZEW») indikatoru da avronun bahalaşmasına təsir edən amillər arasındadır. Belə ki, cari vəziyyəti ölçən «ZEW» indikatoru (88.8 punkt) gözləniləndən (88.0 punkt) yüksək, gələcək vəziyyət ilə bağlı «ZEW» indikatoru (18.7 punkt) isə gözləniləndən (20.0 punkt) zəif olsa da, keçmiş aya (17.6 punkt) nisbətən yüksək açıqlanıb.

Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında son günlər EUR/USD məzənnəsində müşahidə edilən bahalaşma proqnozlaşdırılırdı və korrektiv qiymətləndirilir. Avropa Mərkəzi Bankının vitse sədri Vitor Kostancio da bazar ertəsi son dövrlər Avrozonada müşahidə edilən iqtisadi canlanmanın, əminlik yaratmamalı olduğu xəbərdarlığını etmiş və inflyasiyanın hələ də çox zəif olduğunu xatırlatmışdır. Sonuncu inflyasiya göstəricilərinin isə cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da yayımlanması gözlənilir.

Avro/Dollar valyuta cütlüyündə bahalaşmasının 1.1822 dollara kimi də davam edə biləcəyi proqnozlaşdırılır.

 





15.11.2017    çap et  çap et