Vaxt.Az

Aran Qarabağ silkələndi


 

6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir

Aran Qarabağ silkələndi Ötən gecə Ağdam və Bərdədə qeydə alınmış orta güclü zəlzələnin nəticəsində bəzi yaşayş evlərinin zərər görməsi haqda xəbərlər gəlir. Sosial şəbəkələrdə yer alan məlumatlara görə Ağdamın Quzanlı qəsəbəsində yeraltı təkanların təsiri ilə transformator məntəqəsində qısaqapanma olub və qurğu alışıb. Yanğın söndürülüb, amma qəsəbənin bir hissəsi hələ işıqsızdır.

Bərdədə isə azı iki evin ciddi zərər gördüyü haqda məlumat var. Bir sakinin halı pisləşib və xəstəxanaya yerləşdirilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, hazırda zəlzələ zonasında yeraltı təkanlar zəif güclə davam edir. (APA)

Q. Yetirmişlinin sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: «Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub. Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Ancaq həmin ərazidə yenidən güclü zəlzələ təhlükəsi yoxdur».

Q. Yetirmişli deyib ki, zəlzələ episentrində Seysmoloji Mərkəzin bölməsi yerləşir və ərazidə yoxlamalar həyata keçirilib: «Dağıntılar olmayıb. Ola bilsin keyfiyyətsiz materiallardan tikilmiş evlərdə çatlar yaranıb, amma ciddi dağıntı yoxdur».

Bu yaxınlarda İranda baş verən zəlzələ ilə dünən Azərbaycan ərazisində baş verən zəlzələ arasında əlaqənin olub-olmadığı barədə suala cavabında Q. Yetirmişli bildirib ki, İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb: «İrandakı zəlzələ Azərbaycandakı zəlzələ ilə geoloji quruluş və tektonik qırılmalar baxımından əlaqəli deyil».

 





16.11.2017    çap et  çap et