Vaxt.Az

«Dünyanın ən sivil sistemini formalaşdırmaq istəyirik»


 

Əli Həsənov qəzet yayımına qoyulan qadağaya haqq qazandırdı

«Dünyanın ən sivil sistemini formalaşdırmaq istəyirik» «Bakı şəhəri ümumi əhalinin və mövcud olan mətbuat yayımı köşklərinin sayına görə dünyanın bu sahədə ən öndə gedən şəhərləri ilə müqayisə oluna bilər. Yeni köşklərdə mətbuat yayımı nizama salınıb». Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, mətbuat orqanlarının əsas tələbi ondan ibarətdir ki, Bakının istənilən yerində insanların qəzet almaq ehtiyacı qarşılansın, qəzet satışı təşkil olunsun: «Hazırda Bakı şəhərində mövcud olan mətbuat yayımı köşkləri bu ehtiyacı ödəyir».
PA rəsmisi bu günlərdə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşündə bu məsələnin müzakirə olunduğunu da diqqətə çatdırıb: «Söhbət zamanı məlum olub ki, yeni köşklərin paytaxtda yerləşdirilməsi prosesi davam edir. Bundan sonra da ehtiyac olan yerlərdə köşklərin yerləşdirilməsi davam etdiriləcək. Ona görə də belə bir sivil mətbuat yayım sistemi, bu qədər mətbuat yayımı nöqtələri olan şəhərdə mətbuat yayımının hansısa ciddi problemlərindən danışmaq ədalətsizlikdir. Söhbət indiyə qədər mövcud olan, sivil şəhər normalarına cavab verməyən əldə yayım, metro girişlərində primitiv yayım və sairdən gedirsə, əlbəttə, biz bunlardan məqsədyönlü şəkildə, şəhərimizi dünya standartlarına uyğunlaşdırmaq niyyəti ilə imtina etmişik. Biz Bakı şəhərində dünyanın ən sivil mətbuat yayımı sistemini formalaşdırmaq istəyirik».
 





29.01.2014    çap et  çap et