Vaxt.Az

«Tam razıyam»


 

Elman Rüstəmov: «İnflyasiya bizim başlıca problemimizdir»

«Tam razıyam» «İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam». Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib.

O qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: «Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır. İnflyasiyanın sosial təzahürünü, nəticəni mən qeyd etdim. Pul kütləsi vasitəsi ilə inflyasiyanın sürətləndirilməsinin tərəfdarları varsa, onlara demək istəyirəm ki, bunun çox ciddi makroiqtisadi tərəfi var. Əhalinin gəlirlərinin, daxili tələbatın azalması iqtisadi artımın, iş yerlərinin itirilməsinə gətirib çıxarır».

Baş bankir əlavə edib ki, ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Onun sözlərinə görə, hələlik bu makroiqtisadi sabitliyin müddəti azdır: «Bu, təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət, Mərkəzi Bank 2018-ci ildə və ortamüddətli dövrdə vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün qarşıda güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə çatmaq üçün həyata keçirilən makro antiinflyasiya tədbirləri ilə təbii inhisarların tariflərinin, qiymətinin liberallaşdırılması siyasətinin çox sıx əlaqələndirilməsi kimi olduqca ciddi vəzifələr durur».

 





22.11.2017    çap et  çap et