Vaxt.Az

… Siyasəti futbollaşdırın!


 

Futbolu siyasiləşdirmək yerinə, …

… Siyasəti futbollaşdırın! Futbolun, ictimai maraq doğurduğuna, izləyiciləri barışmaz yandaşlara böldüyünə, böyük pul gətirdiyinə, açıq qaydalarla oynanıldığına görə, siyasiləşmə potensialı böyükdür. Odur ki, futbola siyasətin gözüylə baxmağın yeri ola bilər. Burası aydındır. Amma siyasətə də futbolun gözüylə baxmaq olur.

Siyasət də bir oyundur. Onun da açıq qaydaları, izləyiciləri və iştirakçıları, ictimai maraqları, içindəki pulları, mübahisəli məqamları, hakimliyi, udanları və uduzanları, cəzalı qalanları və s. olur. Niyə «var» deyil, «olur» yazdım? Çünki, siyasət oyunu heç də hər yerdə açıq oynanılmır. Bizim ölkə elə yerlərdən biridir. Bir oyunun getdiyini hər kəs anlayır, amma çox az adam bu oyuna maraq göstərir, onu oynamaq istəyir və s. Çünki, bizdəki siyasət bərabər qaydalara uyğun oynanılan və içindəki ədalətli hakimliyə güvənilən bir oyun deyildir. Belə oyunda özünü itirmədən fayda görmək, qalib gəlmək alınmır.

Son illərdə Milli Yığmamızın və, özəlliklə, «Qarabağ»ımızın futboldakı uğurları bizim toplumu cana gətirdi, bir yerə yığa bildi. İndiki ortamda, YAP da daxil, heç bir siyasi təşkilat bu qədər adamı bir yerə yığa bilməz (güclə gətirməsə). Futbola isə insanlar gəlir, ona baxmaq üçün pul xərcləyirlər. Düşünün, maraq o dərəcədə artıb ki, biletlərin «qara bazarı» yaranıb. Bazar qədər siyasət-duyarlı başqa bir nəsə yoxdur.

«Qarabağ»ımızın dünənki məğlubiyyəti ilə, özəlliklə, həmin oyunda hakimliklə bağlı xeyli şərh yazılıb. Şərhlərin də xeylisində siyasiləşdirmə vardır. Niyə belə edilir? «Çelsi»nin «Qarabağ»dan daha güclü olduğu və bizi rahat uda biləcəyi öncədən bilinmirdimi? Bilinirdi. Bilinirdisə, bu qədər, yumşaq desəm, narazılıq nədən qaynaqlanır? Cavab aydındır və üzdədir - hakimlikdən. Hakimin verdiyi qərarların ədalətsiz olduğuna inanılır.

Bu, çox maraqlı hadisədir (fenomendir). Gözlə görünən hər bir şeydə ədalətin olduğuna inanmağın doğru sayılmadığını hər kəs bilsə də, ədalətin necə baş verdiyini, özünə yer etdiyini hər kəs öz gözüylə görmək istəyir. Avropa İnsan Haqları Məhkəməsinin bir neçə qərarında yazıldığı kimi - ədalətin baş verməsi azdır, onun baş verdiyinin görünməsi gərəkdir (justice must not only be done, but it must also be seen to be done). Dünənki oyunda hakimin verdiyi qərarlarla bağlı narazılıq da buradan qaynaqlanır. Oyuna baxanlar, «Qarabağ»ın uduzmasından deyil, hakimin qərarlarında ədalətin baş verdiyini görmədiklərindən narazıdırlar. Oyuna baxmağa gələnlər oynayanların bərabər olmadığını yaxşı bilirdilər. Onlar oyunun bərabər qaydalara görə oynanılacağına inanır, ədalətli hakimlik görəcəklərinə ümid edirdilər. Görmədilər.

İndi bütün bunları (teksti qırağa qoyub kontekstə baxın) futbolda deyil, siyasətdə baş verdiyini düşünün. Məhkəmələrimizdəki hakimlərin ədalətsiz qərarları nədən siyasiləşdirilir? Eyni səbəbdən - ədalətin baş verdiyi görünmədiyindən. Futbol meydanında ədalətsiz hakimliyə etiraz edənlərin xeylisi siyasi meydanda ədalətsiz hakimliyə göz yumurlar. Sistem problemidir, sistemi dəyişmək gərəkdir.

 





23.11.2017    çap et  çap et