Vaxt.Az

Topaz Premyer Liqanın nəhs turu


 

Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...

Topaz Premyer Liqanın nəhs turu Azərbaycan Premyer Liqasında 13-cü tura noyabrın 25-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.


Hüseynovun Gəncədəki intriqalardan baş çıxaracağına təminat var?

 

Birinci oyun günündə ilk qarşılaşma Gəncədə baş tutacaq. «Kəpəz» «Qəbələ»ni qəbul edəcək. Ötən dəfə qeyd etdiyimiz kimi, Gəncədə «partlayış» baş verdi və Şahin Diniyev də onun qurbanı oldu. İndi «Kəpəz»i «Qəbələ» önünə yeni baş məşqçi - Yunis Hüseynov çıxaracaq. Amma Yunis Hüseynovun Gəncədəki intriqalardan baş çıxaracağına təminat yoxdur. «Qəbələ» bu qarşılaşmadan mütləq qələbə ilə ayrılmalıdı. Qələbə ilə ayrılmalıdı ki, çempionluq mübarizəsindən qopmasın. Çünki bu turda turnir cədvəlində «Qəbələ»dən öndə olan iki komanda bir-biri ilə qarşılaşır. Kiminsə xal və ya xallar itirəcəyi dəqiqdir. Roman Qriqorçukun yetirmələrinin Gəncədə büdrəməyə haqqı yoxdur.

 

Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...

 

Günün digər qarşılaşmasında isə «Neftçi» «Keşlə»ni qəbul edəcək. «Zirə» və «Qəbələ» ilə oyunlar «Neftçi»nin də, Tərlan Əhmədovun da nəyə qadir olduğunu göstərdi. Çürük qoz da bu komandadan yaxşıdır. «Neftçi» bu qarşılaşmalardan bircə xal da ala bilmədi. Amma əvəzində Tərlan Əhmədov xeyli bəhanə aldı. «Qəbələ» ilə oyundan sonra rəhbərliyin «çiçi», özündən əvvəlki baş məşqçinin fəaliyyətinin yarıtmaz olduğunu, transfer siyasətinin düzgün aparılmadığını deməklə, bütün etik qaydalara da tüpürdü. Quyruq qapı arxasında qalanda rəhbərliyə də tüpürəcək Əhmədov. Hələ ki, əlində bəhanələr var. Hələ qışda yeni transferlər edəcək. Onu «Neftçi»yə dürtüşdürənlərin əli ilə neçə-neçə futbolçu dürtüşdürəcək komandaya. Arabir qələbələr də olacaq. Nöşün ki, «Keşlə» kimi hay-hayı gedib, vay-vayı qalmış 2-3 komanda var çempionatda. «Neftçi» belə komandalarla oyunda qələbələr qazanacaq, mətbuat da kimlərinsə sifarişi ilə züy tutacaq. Sifarişiniz bol, züyünüzün səsi gur olsun!

 

«Zirə» xofu üzərindən ata bilsə...

 

İkinci oyun günündə bütün diqqətlər Zirədə olacaq. «Zirə» son çempion «Qarabağ»ı qəbul edəcək. Bu qarşılaşma çempionatda ciddi rəqabətin qalması fonunda çox əhəmiyyətli oyundu. «Zirə» «Qarabağ»dan xal ala bilsə, nəinki intriqanı saxlayacaq, hətta mübarizəyə «Qəbələ»nin də qoşulmasına şərait yaradacaq. «Qarabağ» «Çelsi» ilə ağır oyundan sonra bu qarşılaşmaya çıxacağından, «Zirə» nisbətən üstün durumda olacaq. Ayxan Abbasovun yetirmələri xofu üzərlərindən ata bilsələr, çempiondan yenə də xal ala bilərlər.

 

«Sumqayıt» bu problemlərdən yararlana bilməyəcəksə...

 

Günün digər qarşılaşması Sumqayıtda baş tutacaq. «Sumqayıt» «Səbail»i qəbul edəcək. Avroliqaya vəsiqə üçün mübarizə aparan «Sumqayıt»ın xal itirməyə haqqı olmadığı qarşılaşmalardan biridir bu oyun. «Səbail»in ötən tur Gəncədə «Kəpəz»lə oyunu da göstərdi ki, bu komandanın ciddi problemləri var. Xüsusən də müdafiə xəttində. «Sumqayıt» bu problemlərdən mütləq yararlanmalıdır. Yararlana bilməyəcəksə, onda avrokuboklardan dəm vurmağa nə hacət?

 





27.11.2017    çap et  çap et