Vaxt.Az

... Burakın yaxasını burakmayan qızlar


 

İvankanın heyran olduğu Reyhanlar və ...

... Burakın yaxasını burakmayan qızlar Burak Özcivit -Türkiyənin məşhur aktyoru dünən şəhərimizin qonağı oldu. Bəlkə də bu gün də qonaqdır, məlumatsızam. Çünki Burak hayranı deyiləm və ümumiyyətlə heç kimin hayranı deyiləm. Heç gəncliyimdə də olmamışam. Bəlkə də gözüm qorxub ondan. Zarafat eləmirəm, qardaşım bu hayranlıq məsələsinə görə nişan qaytarıb, sevdiyi qızdan imtina edib.

Deməli, 90-cı illərin ortaları idi. Şəhərimizə Gennadiy Xazanov gəlmişdi. Qardaşım da nişanlısı ilə birlikdə onun konsertinə getmişdilər. İndi qızlar Burakın yaxasını burakmayan kimi o vaxtkı qızlar da Xazanovu gəldiyinə peşman eləyiblərmiş. Bizim gəlin namizədi də xazanovsevərlərin arasındaymış. Qardaşım baxıb ki, bıy, qız özünü onun yox, Xazanovun nişanlısı kimi aparır. Çıxanda deyib ki, a bala, abır-həya, mentalitet, milli-mənəvi dəyərlər zad. Görüb ki, yox, qız Xazanovu ondan bir köynək daha yaxın sayır özünə, üzüyü səssiz-səmirsiz geri qaytardı. Onda biz hamımız tökülüşdük ki, sən Allah bir təlxək Xazanova görə qurulmamış ailəni dağıtma. Xeyri olmadı. İndi də televizorda Xazanovu görəndə, zarafata salıb «Allah evini yıxsın» deyir qardaşım.

Əslində bu mövzu zaman-zaman aktual olub. Bizim qızlar təkcə Buraka görə özlərini burakmayıblar ki?! Bayhan gəli belə, Tarkan gəli belə, Özcan gəli belə. Əgər bu məşhurlardan «kardeşim benim» deyib abır-həyayla avtoqraf alsalar kimə nə dərd? Bunlara imkan versən, adamı diri-diri yeyərlər. Patrik Zyuskindin «Parfümer»ində Jan Batist Qrenuyu yedikləri kimi. Qorxuludur, çox qorxuludur. Həm də utancverici. Bu məsələdə adamı daha çox utandıran isə özümüzünkülərə münasibətdir. Məsələn, oxudum ki, həmin «Kardeşim mənim» filmində oynayan öz aktyor qardaşımızı heç filmin premyerasına belə dəvət etməyiblər. Kamran Ağabalayevi deyirəm. Bu aktyoru «Üçüncü günün adamı« filmindən tanıyıram. Erməni obrazını elə oynayıb ki, elə bil erməninin özü kimi. Üstəgəl yaraşıqlıdır, boylu-buxunludur, Burak Özcivitin Vətənində doğulsaydı, yəqin çoxlu məşhur seriallara çəkiləcək və hayranları da çox olacaqdı. Amma nə edək ki, Azərbaycanda doğulub. O ölkədə ki, təpədən dırnağa istedad olsan da səni görən yoxdur. Gərək sənin qiymətini başqaları versin ki, sonra səni görsünlər. Necə ki, 15 yaşlı balaca qızın – Reyhan Camalovanın qiymətini biz yox, dünya nəhəngləri verdi.

Amerika prezidentinin qızı, həm də prezidentin müşaviri olan İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində o qədər insanın arasından bizim qızı ayağa qaldırdı, zəkasına heyran olduğunu bildirdi. Nə edib bu qızcığaz? Yağış suyundan enerji istehsal edən Reynerci qurğusunu yaradıb. Şəxsən qürur duydum o qızla. Bacım olsun istədim, qızım olsun istədim, gəlinim olsun istədim. Bütün qızlarımız belə olsun istədim. Yaradıcı olsunlar, başımızı uca edənlərdən olsunlar. Ailəsi adına, dövləti adına, milləti adına.

Şübhəsiz ki, hamı Reyhan ola bilməz və heç kimin də belə bir məcburiyyəti, öhdəliyi yoxdur. Amma hər kəs öz ailəsinin Reyhanı ola bilər. Qoy sizi sevənləriniz qoxlasın, qızlar. Buraka uzanan əllərinizi sizi bir ömür boyu BURAKmayan birinə etibar edin. Onda həyat daha gözəl, siz daha sevimli olacaqsız.

 





02.12.2017    çap et  çap et