İkinci komponent Rusiyanın regionda yerləşdirdiyi «İsgəndər-M» operativ-taktiki raketləri və zərbə aviasiya qüvvələridir.
NATO analitikləri qeyd edirlər ki, Rusiya Cənubi Qafqaz respublikalarını «reinteqrasiya» etməyə çalışır və bu məqsədlə «3 C» prinsipindən istifadə edir. İngiliscə bu «Confrontation, Cooperation və Confusion» (konfrontasiya, əməkdaşlıq və qorxutma) sözlərinin birləşməsidir.
Hesabata əsasən bu prinsiplər regionun hər üç ölkəsinə qarşı tətbiq olunur. Bakıya və İrəvana gəldikdə isə Rusiya xüsusi olaraq balanslaşdırma sistemi tətbiq edir, bilərəkdən «ziddiyyətli siyasi mesajlar» göndərir, silah satır və regional təhlükəsizliyin bir sıra mürəkkəb məsələləri barədə siyasi «krışa» təmin edir. Moskva məhz bu manevrlər kompleksi sayəsində regionda status-kvonu saxlamaq üçün böyük potensiala malikdir. NATO isə əksinə, bu cür alətlərə malik deyil.
NATO analitiklərinin mövqeyinə görə region ölkələrinə, İrana və Azərbaycana «S-300» və «S-400» kimi yüksək texnologiyalara əsaslanan silah sistemlərinin satılması Moskvanın təkcə regiondakı maraqlarından irəli gəlmir. Burada məqsəd həm də Türkiyəyə dolayısı təzyiq formalaşdırmaqdır. Hansı ki, Türkiyə özü hazırda Rusiyadan «S-400» kompleksləri almaq üçün danışıqlar aparır və bu, NATO-da ciddi narahatlıq doğurur.
Hesabata əsasən Ermənistandakı «rus qalası»nın strateji əhəmiyyəti orada «İsgəndər-M» raket komplekslərinin yerləşdirilməsindədir. Hansı ki, bu komplekslərin «İsgəndər-K» tipli raketlərlə təchiz edildiyi, beləliklə də orta və yaxın mənzilli raketlərə dair müqavilənin tələblərinin pozulduğu təxmin edilir.
Lakin analitiklərə görə Ermənistan Rusiyanın postsovet məkanında qurduğu siyasi və iqtisadi ittifaqların ən zəif bəndidir. İrəvanın olduqca mürəkkəb geosiyasi vəziyyəti onu məcbur edir ki, Rusiya ilə ənənəvi dostluq münasibətləri ilə yanaşı öz xarici siyasətini də şaxələndirsin. (Virtualaz.org)