Vaxt.Az

Ermənistan məcburi köçkünlərə təzminat ödəyəcək


 

Azərbaycanlılar Avropa Məhkəməsində qaldırdıqları iddianı uddu

Ermənistan məcburi köçkünlərə təzminat ödəyəcək Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib.

VAXT.AZ xezerxeber.az-a istinadən bildirir ki, İnsan Haqları Məhkəməsinin Böyük Palatası «Çıraqov və başqaları Ermənistana qarşı» məhkəmə işi ilə bağlı yeni qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 min 642 funt-sterlinq ödəməlidir.

Siyasi cəhətdən böyük uğur olan bu qərar Ermənistanı bir daha işğalçı dövlət kimi tanıtsa da, zərərçəkənlər Avropa İnsan Haqları Məhkəməsinin qərar qəbulu zamanı qərəzli mövqe tutduğunu bildirirlər.

Xatırladaq ki, 2005-ci ilin aprel ayının 5-də bir qrup Laçın rayon sakini Avropa Məhkəməsinə müraciət edərək, Ermənistanın işğalı nəticəsində onlara dəyən maddi və mənəvi ziyanın tələbi ilə bağlı iddia irəli sürmüşdü.

Fəxrəddin Paşayev də daxil olmaqla 6 nəfər Laçın sakini iddia ərizələrində bildiriblər ki, doğma yurdlarına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib.

Bu gün Avropa İnsan Haqları Məhkəməsi yekun qərarını açıqlayıb. Şikayətçilərin mülkiyyətlərinin toxunulmazlığı, şəxsi həyatlarının toxunulmazlığı, ədalətli mühakimə hüquqlarının davamlı pozulduğu təsdiq edilib.

Zərərçəkənlərdən biri olan Fəxrəddin Paşayev isə ödəniləcək məbləğin onlara dəyən ziyandan qat-qat aşağı olduğunu bildirir. Onun sözlərinə görə, vəkillər 50 min avro, yerli və xarici mütəxəssislər isə 2 milyon avro dəyərində təzminat müəyyənləşdirmişdilər.

Fəxrəddin Paşayev deyir ki, Avropa İnsan Haqları Məhkəməsinin bu günə qədər görülməmiş dərəcədə qərəzli qərar qəbul edib. O və digər məcburi köçkünlər haqlarını sonuna qədər Avropa Məhkəmsində tələb edəcəklər.

 





12.12.2017    çap et  çap et