Vaxt.Az

Mərkəzi Bankın məqsədi bəlli oldu


 

2013-cü il üçün prioritet nağdsız ödənişlərin miqyasını artırmaqdır

Mərkəzi Bankın məqsədi bəlli oldu Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü il üçün fəaliyyətinin mühüm prioritetlərindən biri nağdsız ödənişlərin miqyasının genişləndirilməsidir. Trend-in məlumatına görə, bu barədə AMB-nin 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir."Vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə yaradılmış "Hökumət Ödəniş Portalı"na növbəti ildə də aidiyyəti qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcək", - bəyanatda deyilir.
Həmçinin "Azərpoçt" MMC-nin xidmət şəbəkəsi vasitəsilə regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaq.
Bundan əlavə, Azərbaycanda nağdsız ödənişlərin payını artırmaq üçün AMB Milli Ödəniş Şurasını təsis edib, Şuranın tərkibinə müvafiq strukturlar daxil olub.
Bəyanata əsasən, 2012-ci ilin 11 ayı ərzində AMB-nin Milli Ödəniş Sisteminin infrastrukturu vasitəsilə ödənişlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artaraq 104,8 milyard manat təşkil edib.
2012-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 9,7 faiz, quraşdırılmış bankomatların sayı 5,1 faiz, POS-terminalların sayı isə 3 dəfəyə yaxın artıb.
 





03.01.2013    çap et  çap et