Vaxt.Az

«Faktları düzgün araşdırılmayıb»


 

Xüsusi təyinatlılar Kərimovu qandallayır, prokurorluq cinayət işini ləğv edir

«Faktları düzgün araşdırılmayıb» Tatarıstan prokurorluğu bu respublikadakı Azərbaycan diasporu lideri Sərraf Kərimovun ötən ay noyabrın 18-də Kazanda xüsusi təyinatlılar tərəfindən zor tətbiq edilməklə saxlanılmasına görə qaldırılmış cinayət işini ləğv edib. Virtualaz.org xəbər verir ki, prokurorluğun qənaətinə görə İstintaq Komitəsi Kərimovun şikayəti əsasında onun saxlanılması əməliyyatında iştirak edən xüsusi təyinatlı polislər barəsində cinayət işi qaldırmaqla tələsib və faktları düzgün araşdırmayıb.

İnsident ötən ay Kazanın mərkəzi küçələrindən birində baş verib. Mülki geyimli polis Azərbaycan diaspor liderinin maşınına yaxınlaşaraq ondan avtomobildən düşməyi tələb edib. Onun hansısa insidentə görə dindiriləcəyini bildirib. Lakin Kərimov polisə tabe olmayıb, çünki onun polis olduğundan əmin deyildi.

Tatarıstan KİV-ləri bu gün S.Kərimovla polis arasında baş verənlərə dair videogörüntüləri yayıb. Kadrlardan məlum olur ki, mülki geyimli , üzərində tapança olan şəxs azərbaycanlı biznesmeni avtomobildən düşürür. Lakin Kərimov həmin şəxsi mobil telefonla çəkir, Tatarıstana «90-cı illərin geri qayıtdığını, hansısa silahlı şəxsin küçədə onun qarşısını kəsdiyini, özünü təqdim etməkdən imtina etdiyini, azərbaycanlılara qarşı bespredel hökm sürdüyünü» bildirir. Səyyaf Kərimovun bütün israrlarına baxmayaraq mülki geyimli şəxs özünü təqdim etmir və ona vəsiqə göstərmir, ancaq telefonla harasa xəbər verir və heç nə demədən gözləməyə başlayır. Az sonra küçənin tinindən maskalı xüsusi təyinatlılar çıxır və qaçaraq Kərimova yaxınlaşır, ona zor tətbiq edərək saxlayır. Təbii ki, telefonla videoçəkiliş bu yerdə kəsilir.

Həmin insidentdən sonra S.Kərimov İstintaq Komitəsinə şikayət edib və xüsusi təyinatlı polislərin barəsində cinayət işinin qaldırılmasına nail olub. Onun şikayətinə əsasən insident zamanı daha bir neçə azərbaycanlıya zor tətbiq edilib. Kərimovun sözlərinə görə, onun saxlanılmasına əsas kimi həmin gün Jurnalistlər küçəsindəki ticarət bazasında baş vermiş atışmanı göstəriblər. Həmin atışmada iki nəfər yaralanıb. Həmin gün Tatarıstan DİN əsasən azərbaycanlıların nəzarətində olan bazardakı atışmaya görə genişmiqyaslı əməliyyat başladıb və bu əməliyyat zamanı saxlanılanlardan biri də Kərimov olub.

Prokurorluq bu qənaətə gəlib ki, Kərimovun saxlanılması zamanı polislərin xidməti səlahiyyətlərini aşmasına dair tutarlı dəlillər olmayıb və məsələ düzgün araşdırılmayıb. İndi istintaq yayılmış videokadrları da araşdırmaqla polislərin hərəkətinə qiymət verməlidir.

Sərraf Kərimovun bioqrafiyasında deyilir ki, o, 1966-cı ildə Cəlilabad rayonunda anadan olub, karate üzrə ikiqat Tatarıstan çempionudur, keçmiş zabitdir. Tatarıstanda Azərbaycan diasporunun rəhbəri və Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyinin rəhbəri olub.

 





25.12.2017    çap et  çap et