Vaxt.Az

«Siz artıq ölmüsünüz!»


 

Paintball mərkəzlərində qiymətlər

«Siz artıq ölmüsünüz!» Son dövrlər Azərbaycanda populyarlaşan əyləncə növdlərindən biri də «paintball»dır. Xüsusilə qrup şəklində istirahət üçün nəzərdə tutulan «paintball» («peyntbol» kimi oxunur - red) korporativ əyləncələr üçün də əla imkandır.


Sizi incidən bossu «güllələyə» bilərsiniz

 

Özündə həm müasir döyüş elementlərini, həm də oyunu birləşdirən paintball xüsusilə ofis işçiləri üçün çox yaxşı əyləncə sayılır. Ofis işçiləri darıxdırıcı iş şəraitindən sonra yığdıqları bütün stressi paintbol oyunu ilə ata bilərlər. Burada uşaqlığınızı yada sala, yalançı düşmənlərinizlə atışa, eləcə də sizi ilboyu incidən bossunuzu heç bir cinayət məsuliyyəti olmadan sakitcə «güllələyə» bilərsiniz.

 

Qiymətlər çox da fərqlənmir

 

Azərbaycanda sayı az olsa da paytaxtda və regionlarda fəaliyyət göstərən bel mərkəzlərdə qiymətlər eyni, oyun və digər xidmət növləri isə müxtəlifdir. Ölkədə fəaliyyət göstərən məşhur paintball mərkəzlərindəki xidmət və qiymətlərlə bağlı məlumatları təqdim edirik.

 

Paintball oyununun 7 növü təklif olunur – «Ulduz Paintball Klubu»

 

Nərimanov rayonu, Ulduz metrostansiyasının yaxınlığında yerləşən «Ulduz Paintball Klubu»nun meneceri Elşad Məmmədovun məumatına görə, klub 7 gün 24 saat fəaliyyət göstərir. 4 hektarlıq ərazilərində döyüş meydançaları, soyunub-geyinmə otağı, hamam və kafe fəaliyyət göstərir. Burada 60, 30 və 15 nəfər üçün ayrı-ayrılıqda nəzərdə tutulmuş 3 döyüş meydançası var.

Burada da 100 güllə 10 manatdır. Oyun, ən sonuncu güllə bitənə qədər davam edir. Gülləsi bitən, amma oyunu davam etdirmək istəyənlər, əlavə olaraq 50 gülləni 5 manata, 100 gülləni 10 manata əldə edə bilər.

İştirakçı sayı ən az 6, ən çox isə 60 nəfər ola bilər. «Ulduz Paintball Klubu» 7 fərqli oyun növü təqdim edir. Burada oyunlar yalnız döyüş üzərində qurulmayıb. Klubun menecerinin sözlərinə görə, kəşfiyyat xarakterli oyunlara da maraq göstərilir.

İştirakçılar döyüş formalarını geyindikdən sonra klubun təlimatçısı tərəfindən oyunlar, oyun şərtləri, təhlükəsizlik və silahla davranış qaydaları ilə bağlı məlumatlandırılırlar. Daha sonra oyunçular meydana daxil olub, ən sonuncu gülləyə qədər oynayırlar. Burada oyunlar üçün vaxt limiti yoxdur. Sonda ödənişsiz fotosessiya xidməti də təklif olunur.

Oyun bitdikdən sonra isə iştirakçılar duş qəbul edib, klubun kafesində istədikləri qədər vaxt keçirə bilərlər. Bu xidmətlərin hər biri pulsuzdur. Klubun meneceri saytımıza açıqlamasında bildirdi ki, yaxın zamanlarda «Ulduz Paintball Klubu»nun oyunları sırasına tir və oxatma oyunları da əlavə olunacaq.

 

Maksimum 120 nəfər oynaya bilər – «Baku Paintball Center»

 

Keşlədə yerləşən «Baku Paintball Center»də saytımıza bildirdilər ki, həftənin hər günü fəaliyyət göstərirlər.  Paintball meydançası 48 sotluq açıq məkandır. Bu ərazidə kiçik evlər, barrikadalar, istifadəyə yararsız avtomobillər,qüllələr və döyüş üçün gərəkli olan bütün imkanlar mövcuddur.

«Baku Paintball Center»də minimum 100 güllə ilə oyuna başlayırlar. Bunun qiyməti 10 manatdır. Əlavə güllə almaq istəyənlər isə güllənin birini 10 qəpikdən ala biləcək. Oyun güllə bitənə qədər davam edir. Oyun yekunlaşdıqdan sonra iştirakçılar üçün pulsuz fotosessiya xidməti də göstərilir.

Paintball mərkəzinin rəhbəri Vüsal Əhmədov deyir ki, meydança maksimum 120 nəfər iştirakçı qəbul etmək imkanına sahibdir. 120 nəfər 3,4 və ya 5 komandaya bölünərək oyun qura bilər. Paintball burada ən az isə 3-3 bölünməklə 6 iştirakçı ilə oynanıla bilər. Mərkəzin rəhbəri bildirir ki, bura müraciət edənlər əsasən 40 nəfər ilə gəlib 20-20 bölünərək 2 komanda şəklində oynayırlar.

Burada keçirilən paintball döyüşləri hakimin nəzarəti ilə keçirilir. Mərkəzin məlumatına görə, cərimələr də tətbiq olunur. Belə ki, oyun gedişatında oyun iştirakçılarından kimsə kaskanı çıxararsa və ya mərkəzin avadanlıqlarına bilərək zərər vurarsa, dəyərindən asılı olaraq 20 manatdan 500 manata qədər cərimələnə bilər.

 

Təkbətək oyunlar da var – «Zaqatala Paintball Center»

 

Zaqatalanın Aşağı tala kəndində fəaliyyət göstərən «Zaqatala Paintball Center»in rəhbəri Vüsal Məmmədov FED.az-a bildirdi ki, mərkəzin 1500 kvadratmetrlik döyüş meydançası var. Yaxın günlərdə şəhərin yaxınlığında yerləşən 4 hektarlıq ərazidə də paintball xidməti göstəriləcək.

Bu mərkəzdə də 1 güllənin qiyməti 10 qəpikdir. Minimum 100 güllə ilə oyuna başlayırlar. Bunun qiyməti isə 10 manatdır. Oyunda vaxt məhdudiyyəti yoxdur. Ən sonuncu güllə bitənə qədər oyun davam edir. Burada paintball oyunun 4 müxtəlif növü var. Ən çox müraciət olunan növlərindən biri təkbətək döyüşdür. Hər bir oyun növü hakim nəzarəti altında baş tutur.

Mərkəzin silahları ABŞ istehsalıdır. Keyfiyyətinə təhlükəsizliyinə tam zəmanət verilir. «Zaqatala Paintball Center» indilik ən az 2, ən çox isə 6 nəfərə xidmət göstərə bilir. Yaxın günlərdə daha çox iştirak sayı üçün paintball xidməti təmin olunacaq.

Üstü bağlı meydançada keçirilən paintball oyunu başlamamış təlimatçılar oyun iştirakçılarını təhlükəsizlik qaydaları haqqında məlumatlandırırlar. İştirakçılar oyun başlamazdən əvvəl təlimat qaydaları ilə yazılı şəkildə də tanış olub imzalayırlar.

Paintball mərkəzlərindən bildirdilər ki, burada yaş məhdudiyyəti var. Belə ki, bütün bu mərkəzlərdə 13 yaşdan yuxarı insanlar qəbul edilir. Əgər paintball oynamağa valideyni ilə gəlibsə 12 yaşda olan uşaqlara da icazə verilir.

 





29.12.2017    çap et  çap et