Vaxt.Az

Birinci vitse-prezidentliyin 1 ili


 

«Mehriban Əliyeva Azərbaycan siyasi elitasının aparıcı simalarından birinə çevrilib»

Birinci vitse-prezidentliyin 1 ili Fevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezident təyin olunmasının 1 ili tamam olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezident təyin edilib.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinatı barədə danışıblar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi ictimai rəyin bir dəstəyidir.

«Cəmiyyət referendum bitəndən sonra birmənalı olaraq birinci vitse-prezident kimi Mehriban xanımı görürdü. Cəmiyyətin Mehriban Əliyevanı dəstəkləməsinin bir necə səbəbi var. Mehriban xanım cəmiyyətdə özünə xüsusi qayğı, məhəbbət, istək qazanıb. Mehriban xanım uzun illərdir ki,  vətənpərvərlik, xeyriyyəçilik nümunəsi göstərir . O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə əlil evlərinin bərpası, uşaq evlərinin tikilməsi və qurulması, məktəblərin tikilməsi, yetim uşaqların mənzillə təmin olunması və digər bu istiqamətdə ardıcıl və sistemli işlər görüb. Bu böyük bir keyfiyyətdir».

Hadı Rəcəbli Azərbaycanın birinci vitse-prezidentinin eyni zamanda gözəl ailə başçısı olduğunu da xatırladıb.

«O həm də gözəl ana və nənədir. Bu da Azərbaycan qadınının bir nümunəsidir. Onun birinci vitse-prezident seçilməsi bir daha Azərbaycan qadınının nüfuzunun, yerinin nə qədər yüksək olduğuna bariz nümunədir».

Komitə sədri Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığının olduğunu bildirib.

«Birinci Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının  yüksək və peşəkar səviyyədə təşkili və həyata keçirilməsində Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi olub.  Məhz onun təşkilatçılığı ilə Avropa Oyunları yüksək səviyyədə keçirildi. Bu oyunların səs-sorağı bütün dünyaya yayıldı. Azərbaycanın imici dünyada xeyli artdı. Azərbaycan sülhsevər, idmansevər, əmin-amanlıq dövləti kimi özünə imic qazandı. Ölkəmiz turizm mərkəzi kimi sevilməyə başladı. Bundan əlavə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında  Mehriban xanım Əliyevanın rolu böyükdür. «Xocalıya ədalət» kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Qısa müddət ərzində bir çox ölkə Xocalı qətliamını rəsmən soyqırımı kimi qəbul edib.  Əlbəttə, bu  onun gördüyü işlərin bir qismidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri kimi deyə bilərəm ki, Mehriban xanımın təşəbbüsü ilə  qadın hüquqlarının müdafiəsi istiqamətində  apardığı işlər xüsusilə qeyd olunmalıdır.

Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş  «Məişət  zorakılığı haqqında» qanunun qəbul  olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində Mehriban Əliyeva böyük təşəbbüs göstərib. Bunun nəticəsi olaraq, erkən nikahlar və məişət zorakılığı ilə bağlı  cinayətlərin sayı azalmaqdadır.

Həmçinin, Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda çox genişmiqyaslı amnistiya aktı qəbul edilib. Təsadüfü deyil ki, Mehriban xanım birinci vitse-prezident seçildikdən sonra ilk iclasını qaçqınların və məcburi köçkünlərin problemləri istiqamətində qurdu. Onların problemlərinin vaxtında və yüksək səviyyədə həll edilməsi ilə bağlı tapşırıqlar verdi. Daha sonra qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş yeni binaların açılış mərasimlərində iştirak etdi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın birinci vitse-prezidenti çox humanist və vətəndaşların qeydinə qalan şəxsiyyətdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsi ona güvənir. Və özünə arxa, dayaq bilir».

Komitə sədri Mehriban Əliyevanın daim prezident İlham Əliyevin yanında olduğunu da vurğulayıb.

«Mehriban xanım prezidentimizin apardığı xətti tuta bilib. Mərhum prezident Heydər Əliyevin xarici siyasətini uğurla davam etdirə bilən insanlardan biridir.  Hesab edirəm ki, Mehriban xanım Azərbaycan dövlətçiliyi tarixində sosial problemlərə yardımçı olan bir insan kimi, mərhəmət, xeyirxahlıq nümunəsi kimi,  məsuliyyətli, əsl Azərbaycan qadını kimi qalacaq. Mən Mehriban xanıma uzun ömür can sağlığı və şərəfli missiyanın yerinə yetirilməsində böyük uğurlar arzulayıram».

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Mehriban Əliyeva birinci vitse-prezident postuna ən layiqli şəxs idi.

«Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman sahələrində çox böyük inkişaf özünü göstərir. Vitse-prezident birinci iclasını qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə həsr etmişdi. Onun fəaliyyəti təkcə uşaq evlərinin tikilməsi və qurulması, məktəblərin tikilməsi, yetim uşaqların mənzillə təmin olunması və digər bu istiqamətdə ardıcıl və sistemli işlərin aparılmasından ibarət deyil. Mehriban xanım həm də Azərbaycanın xarici ölkələrlə əlaqələrinin gücləndirilməsində böyük səylər göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərinin həyata keçirilməsi onun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. O, çox yüksək səviyyədə və ardıcıl işlər aparır. Onun gördüyü işlər göz qabağındadır».

Eldar İbrahimov Mehriban Əliyevanın Milli Məclisdəki fəaliyyət dövründən də danışıb.

«Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiq olub.  O, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Mehriban xanım həm də 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.  2013-cü ildən isə partiyanın sədr müavinidir. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut edib.  Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən amnistiya aktları qəbul olunub. Bu amnistiya aktlarında  ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilib».

Eldar İbrahimov deyib ki, Mehriban Əliyeva  Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilib.

«Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib. Biz buna o, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri olanda da şahidlik etmişik, Azərbaycanın birinci vitse-prezidenti postuna təyin ediləndə də.

Mehriban xanım Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərir, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edir. Mən hörmətli birinci vitse-prezident Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirəm».

 





22.02.2018    çap et  çap et