Vaxt.Az

Rauf Həbibova YAP-dan zərbə


 

«Vurulmuş» başçını hakim partiyanın rəhbər orqanından da qovdular

Rauf Həbibova YAP-dan zərbə Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının rəhbər orqanlarından xaric edilib. APA-nın məlumatına görə, R.Həbibov YAP Quba rayon təşkilatının idarə heyəti və şura üzvlüyündən çıxarılıb. R.Həbibov sıravi üzv kimi fəaliyyətini partiyada davam etdirəcək. Onun yerinə Quba Rayon İcra Hakimiyyətinin indiki başçısı Mübariz Ağayev təyin olunub.YAP-ın Quba rayon təşkilatından məlumatı təsdiqləyiblər.
Əlavə şərh verməyiblər. Maraqlıdır ki, R.Həbibovun hakim partiyadan qovulması «Quba işi» üzrə məhkəmə prosesi getdiyi bir vaxta təsadüf edib. Hazırda Xaçmazda davam edən məhkəmə prosesində 1 mart Quba hadisələrinin baş verməsində sabiq başçının birbaşa günahkar olmasını təsdiqləyən ifadə verilib. Quba bələdiyyəsinin həbsdə olan sədri Elxan Əliyev vəkillərin suallarına cavab olaraq deyib ki, Rauf Həbibov məlum çıxışında qubalıları təhqir edib. Bu ifadə R.Həbibovu cinayət məsuliyyətinə cəlb etməyə əsas verir. Qeyd edək ki, R.Həbibov hadisələr baş verərkən əhali qarşısına çıxaraq qubalılar barədə təhqiramiz ifadə işlətmədiyini cidd-cəhdlə söyləyirdi. Hətta onun belə bir çıxış etmədiyini hamisi Ziya Məmmədov da qubalılara demiş, R.Həbibovun əvəzinə üzr də istəmişdi. Buna baxmayaraq, Z.Məmmədov öz kadrını Qubanın rəhbərliyində saxlaya bilmədi. Belə görünür ki, Z.Məmmədov R.Həbibovu həbs olunmaqdan da kənar saxlaya bilməyəcək.
 





03.01.2013    çap et  çap et