Vaxt.Az

«Daha çox dəstəyə ümid edirik»


 

Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»

«Daha çox dəstəyə ümid edirik» ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman fevralın 25-də üç günlük səfərlə Azərbaycana gəlib.

USAİD-nin məlumatına görə, B.Birman ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün vergilər naziri Mikayıl Cabbarov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər hökumət nümayəndələri ilə görüşüb.

USAİD rəsmisi Azərbaycanda göstərilən xarici yardımı müzakirə etmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. Bundan əvvəl isə o, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətləri barədə öyrənib.

«Bizim məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişaf sahəsində tərəfdaşı olmaqdır. Azərbaycan üçün daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında ABŞ-ın Azərbaycanla birgə çalışmağa sadiq olduğunu vurğulamaq üçün buradayam. Azərbaycanın inkişafına daha səmərəli töhfə verə bilməyimiz üçün Azərbaycan hökuməti tərəfindən daha çox dəstəyə ümid edirik», B.Birman qeyd edib.

Məlumatda deyilir ki, fevralın 28-də B.Birman Xaçmaz rayonuna səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək.

 





27.02.2018    çap et  çap et