Vaxt.Az

Makron İslamda islahat aparmaq istəyir


 

Fransa prezidenti məscidləri maliyyələşdirmək, imamlara isə maaş vermək istəyir

Makron İslamda islahat aparmaq istəyir Prezident Emmanuel Makron (Emmanuel Macron) Fransada İslamla bağlı islahat aparmağı planlayır. Onun sözlərinə görə, məqsəd İslam fundamentalizmi ilə mübarizə və milli birliyi qorumaqdır. Fransada 6 milyon müsəlman yaşayır. Amma Makronun planları tənqidlə qarşılanıb.

Çünki, Fransa mediasının yazdığına görə, hökumət ərəb ölkələrinin Fransadakı müsəlman icmasına təsirini azaltmaq üçün məscidləri maliyyələşdirmək və imamlara maaş verməyi nəzərdən keçirir.

Fransa respublikası qurulandan bəri dünyəvilik prinsiplərinə daim ciddi əməl edilib, din dövlətdən ayrı olub. Bir çoxları Makronun planlarını bu prinsiplərə zidd sayırlar.

Fransa hökumətinin sözçüsü Benjamin Qrivo (Benjamin Griveaux) ötən həftə jurnalistlərə deyib ki, islahat planı tam hazır olmasa da, İslam ruhanilərinə təlim keçilməsi və onların maliyyələşdirilməsi «Respublika ilə İslam arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi planının əsas elementlərindən olacaq»:

«Niyə İslamın maliyyələşdirilməsi bizim üçün əsas hədəfdir? Çünki, siz bilirsiz ki, maliyyə xarici ölkələrdən gəlir. Fransada xarici ölkələrin maraqlarına xidmət edən dinin olması bizim üçün arzuolunan deyil. Bu cür İslam - siyasi İslamdır».

Qrivo deyir ki, bəzi məscidlərdə səslənən xütbələr tamamilə Fransa Respublikasının dəyərlərinə ziddir və bəzi məscidlər radikallıq yayırlar.

Makronun planlarına görə, imamlar dünyəvilik, mülki azadlıqlar kurslarından imtahan verməlidirlər. Bundan başqa, ölkədə bütün imamların tabe olacağı baş imamın təyinatı nəzərdə tutulub.

Bu plan həm sosialistlərin, həm də Fransanın müsəlman icması rəhbərlərinin tənqidinə tuş gəlib.

Onlar hesab edirlər ki, dövlət hansısa dini maliyyələşdirməməlidir, çünki bu, 1905-ci ilə aid olan və dünyəvilik prinsiplərini, dinin dövlətdən ayrı olmasını müdafiə edən qanunu pozur. Onların fikrincə, imamların imtahan verməyə məcbur edilməsi vicdan azadlığı ilə uzlaşmır.

Fransa İslam Şurasının prezidenti Ahmet Ogras deyib ki, «İslam bir dindir, öz işlərini özü tənzimləyir, onun dövlətin timsalında himayədara ehtiyacı yoxdur».

 





28.02.2018    çap et  çap et