Vaxt.Az

Neft sürətlə ucuzlaşır


 

OPEK sədri ABŞ istehsalçıları ilə görüşəcək

Neft sürətlə ucuzlaşır Birjalarda xam neft kəskin dəyər itirib. APA TV-nin məlumatına görə, ucuzlaşmanın əsas səbəbi ABŞ-dan qaynaqlanır.

Ölkənin Enerji İnformasiya İdarəsinin hesabatı açıqlanıb. Hesabata görə, neft ehtiyatları həftə ərzində gözləniləndən çox - 3,02 milyon barel artaraq, dekabr ayından bu yana ən yüksək səviyyəyə qalxıb, benzin ehtiyatları isə proqnozlaşdırılandan dörd dəfə çox artıb.

ABŞ-da həmçinin qaya nefti də artmaqdadır. Treyderlər bazarın neft ehtiyatlarına həddən artıq həssas yanaşdığını bildirir. Xüsusi ilə qaya nefti istehsalı diqqətdə saxlanılır.

OPEK və istehsalı azaltmaqla bağlı anlaşmaya imza atan bir neçə ölkə qiymət enişindən narahatdır. Çünki bu ölkələrin çoxunun iqtisadiyyatı neft gəlirlərindən asılıdır. Bazarın bir hissəsi istehsalı azaltmaqla qiymətləri bahalaşdırmaq istəyirsə, ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olma yolunda sürətlə irəliləməsi əksinə, qiymətlərin ucuzlaşmasına səbəb olur.

Bu arada OPEK sədri bazar ertəsi qaya nefti istehsalçıları ilə görüşəcək.

Hazırda «Brent» markalı neft sutka ərzində iki dollar ucuzlaşaraq 64,66 dollardan təklif olunur. Qərbi Texas nefti (WTI) də iki dollara qədər ucuzlaşıb və 61,64 dollardan satılır.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir.

«AzeriLight» markalı neftin 1 barelinin dəyəri 1,38 dollar və ya 2,03 faiz azalaraq 66,61 dollar təşkil edib.

 





01.03.2018    çap et  çap et