Vaxt.Az

İsti suyla bağlı yeni təlimatlar


 

Hamilə qadınlara vanna, sauna və cakuzzi olarmı?

İsti suyla bağlı yeni təlimatlar «The Telegraph» yeni elmi araşdırmaya əsasən yazır ki, hamilə qadınlar üçün isti vanna və saunada çimmək təhlükəli deyil. Hazırda mövcud olan tibbi tövsiyələrdə deyilir ki, qadınlar isti vannada çimməkdən çəkinməlidirlər, çünki bu onların bədən temperaturunu 39 dərəcəni aşa bilər.

Qədim vaxtlarda arzuolunmaz hamiləliyə son qoymaq üçün hətta isti hamam məsləhət görülürdü.

Elə Britaniya dövlət səhiyyə idarəsi və Kral Ginekoloqlar Kolleci də hamilə qadınlara sauna və cakuzzidən uzaq durmağı tövsiyə edir.

Lakin 347 qadını əhatə edən 12 elmi-tədqiqat işinin təhlili göstərib ki, saunada oturmaq və ya isti vannada uzanmaq bədən temperaturunu təhlükəli şəkildə yüksəltmir.

Bütün araşdırmalar zamanı qadınların bədən temperaturu 39 dərəcəni aşmayıb.

Sidney Universitetinin alimləri xəbərdarlıq edirlər ki, qadınlara isti hamamın qadağan edilməsi onları idman etməkdən çəkindirə bilər.

Professor Olli Cey (Ollie Jay) «British Journal of Sports Medicine» dərgisində yazır: «Sağlamlıq təlimatları birmənalı şəkildə hamilə qadınlara suda uzanmağı və saunada çimməyi qadağan edir. Bu qaydalarda deyilir ki, analıq temperaturunun yüksəlməsi dölün inkişafına mənfi təsir göstərə bilər. Lakin bizim araşdırmamız riskin çox aşağı olduğunu sübut edir».

Doktor Cey və həmkarları bu xüsusda yeni təlimat yazıblar. Bu təlimata görə, hamilə qadınlar ürəyin döyünmə ritmi 80-90 olmaqla 35 dəqiqəyədək idman edə bilərlər. Bu zaman havanın temperaturu 25 dərəcədən, rütubətliyi isə 45 dərəcədən çox olmamalıdır.

Hamilə qadınlar habelə temperaturu 28,8 dərəcədən 33,4 dərəcəyədək olan suda 45 dəqiqə akva-aerobika hərəkətləri edə bilərlər. Hamiləliyin müddətindən asılı olmayaraq, onların temperaturu 40 dərəcəyədək olan vannada və saunada 20 dəqiqəyədək oturmasında heç bir təhlükə yoxdur.

Amma bir çox ginekoloqlar bu nəticələrin düzgünlüyünün yoxlanması üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

 





03.03.2018    çap et  çap et