Vaxt.Az

«Onsuz da narkomandır...»


 

Təsəllinin ən pisi ...

«Onsuz da narkomandır...» Narkoloji mərkəzdə yanğın oldu. Mərkəz yekə sözdür. Tələffüz edəndə sayğı duyursan. Amma hərdən elə yerlərə mərkəz deyirik ki... Yox, əslində ora da mərkəzdir. Faciə, dərd, məhv olan insan mərkəzi.

Onsuz da həyatın dibinə düşmüş insanları harada və necə saxlayırlarmış deyə düşünəndə adamı nəsə bürüyür, amma bu dəhşət deyil. Ondan üstün və ağır hisdir. İfadə etməkdə çətinlik çəkir adam.

Bundan da dəhşətli başqa bir məqam. Ölənlərə bir xeyli adamın münasibəti belə oldu: «Əşi, narkomandır...»

Əşi, bir susun! İnsandır, insan! Barmağınız isti suya dəyəndə bir gün ufuldayırsınız. Yanıb kül olan, faciəsinin qoxusu bütün şəhəri bürüyən insana belə rişxənd etməzlər axı. Bir də ata, qardaş, ər, oğuldur sizə görə narkoman olan həmin insanlar.

Əslində bu yanğında həyatını itirən iyirmi beş adama münasibət deyil. İnsan olaraq xeyli məsələlərdə bir-birimizə münasibətimiz «onsuz da» ilə başlayır. Etinasız yanaşmadır. Bir-birimizə təxminən «cəhənnəmə ki» söyləməkdir. Yəni əsas odur mənə nəsə olmadı. Yəni onsuz da başqa cür olmayacaq. O üzdən bizə yuxarıların münasibətindən də inciməyək gərək. Yəni ki, «onsuz da»... Yəni «cəhənnəmə ki»...

Bir də martın 2-də, o hadisə baş verən gün, ümidvar idim, kimsə axşama qədər çıxıb gedəcək. Ya rayon icra başçısı, ya mərkəzin baş həkimi, ya da vəziyyətə cavabdeh olan, yanından «bismillahla» keçilən ciddi fiqurlardan biri, amma Tahir Əkbər getdi. Ölkənin ən nüfuzlu bəstəkarlarından, abırlı kişilərindən, peşəsinin sonuncu nəhəngi olanlardan biri. Bir də o iyirmi beş nəfər. Kiməsə görə narkoman, mənə görə yanıb cızdağı çıxan, ağır həyatı olan iyirmi beş bədbəxt azərbaycanlı. Bəlkə hansısa o mərkəzə yeni həyata başlamaq ümidiylə getmişdi, özü qarışıq ümidləri də yandı. Bəlkə heç təkcə öz yerlərinə yanmadılar!

Çox adamın ədalətsizlik, haqsızlıqdan necə yandığını göstərdilər. Məmur özbaşınalığı, yalan məlumat və hesabatların əlindən bezənlərin günü göründü bu faciədə. Onlar yandı, biz göstərdik. Qalır bir məsələ, görəsən, baxanlar nə gördü?!..

Bir də aidiyyəti qurumların mətbuat orqanlarına mat qalırsan. Əslində bir gün işdə saxlanılacaq adam deyillər. Rəisini müdafiə etməyi bacarmayan, işini təqdim etməkdə aciz olan, ağzının kəsəri olmayan, fövqəladə hallarda lal-mat qalan, ortalıqdan itən, gözə dəyməyən, yoxa çıxan, bir cümlə xəbəri normal yazmayan, bütün mətbuatı şayiə ümidinə qoyan, ağzını açmaqda acizlik çəkən mətbuat katibləri kimə lazımdır ax?!..

O faciədə diqqətimi bir də bu olay çəkdi. Narkoloji mərkəzə xəstə yanına gələnlərin çoxu qadın idi. Amma narkomaniya bəlası qadını haqlamış olanda bizim cəmiyyətdə kişilər geri çəkilir. Yəni qadını atır. Səbəbinin fərqinə varmadan atır. O gün həmin yanğından xəbəri olmadan bir neçə qadın həyat yoldaşına, qardaşına bağlama gətirmişdi. Dizinə döyüb «ay qardaş, bircə sən ölmə» deyən bacı fəryadı hələ də ağlımda dolaşır. Yəni burda olsan da nəfəsin gəlsin. Yəni biz bu halına da dözərik, bircə ölmə. Bu tərtəmiz sevgidir, ailə, bacı-qardaş, insan sevgisi. Siz də «əşi, narkomandır!» deyirsiniz... Deməyin, anlayın ki, heç kim bu bəladan sığortalanmayıb.

...Daha nə deyəsən?! Başın sağ olsun, Azərbaycan! Biz bütün cinayətləri səndə törədirik. Onu da bilirik ki, yeganə məsumu sənsən bu olayların!..

 





04.03.2018    çap et  çap et