Vaxt.Az

«Putin NATO-su» generalının ikibaşlı bəyanatı


 

Elxan Şahinoğlu: «Rusiya Ermənistanın Azərbaycana məğlub olmasını istəmir»

«Putin NATO-su» generalının ikibaşlı bəyanatı «Əgər Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək». Bu bəyanatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov çıxış edib.

General «KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər» mövzusunda keçirilən telekörpü zamanı bildirib ki, qondarma «DQR» bu bloka üzv «ölkə» deyil. KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa KTMT onları darda qoymayacaq.

Rus general qeyd edib ki, Ermənistanla Azərbaycan arasında situasiya kifayət qədər gərgindir, amma o dərəcədə gərgin deyil ki, iki ölkə bir-birinin «paytaxtını tutmağa» başlasın. O, vaxtilə hər iki ölkənin «böyük sovet ailəsinin üzvü olduğunu, sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını» da xatırladıb.

General-polkovnik xatırladıb ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil. Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Sidorovun sözlərinə görə, bu heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur.

Bəs KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun «Əgər Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək» bəyanatı onun şəxsi mövqeyi sayılmalıdır, yoxsa Rusiyanın mövqeyini ifadə edir? Rusiyanın həqiqətən də KTMT müstəvisində Qarabağ müharibəsinə qarışmaması mümkündürmü?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, rusiyalı generalın bu mövqeyi onun şəxsi fikri ola bilməz. Bu Rusiya hakimiyyətinin yanaşmasıdır. Həqiqətdə də bu belədir. Rusiya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Dağlıq Qarabağın yox: «Ancaq rusiyalı generalın bu sözlərini şişirtməyə də ehtiyac yoxdur. Rusiya Ermənistanın Azərbaycana məğlub olmasını və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasını da istəmir. Əks halda, Kremlı Ermənistan hakimiyyətinə çoxdan təsir edib münaqişənin həllini sürətləndirərdi.

Başqa tərəfdən, rusiyalı generalın «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağda müharibə başlasa, erməni tərəfinə kömək edə bilməyəcək» sözləri heç də o demək deyil ki, Rusiya erməni separatçılarına kömək etməyəcək. Elə 1990-cı illərdə torpaqlarımızın işğalında Rusiyanın hərb maşını birbaşa və dolayı yollarla iştirak etmişdi, erməni separatçılarına logistik dəstək vermişdilər. 2016-cı ilin aprel ayında savaşın cəmi 4 gün çəkməsi də Rusiya amili ilə bağlıdır. Kreml gördü ki, Azərbaycan ordusu bir az daha irəliləyib daha böyük ərazilər azad edə bilər, təzyiq etdi və savaş dayandı. Halbuki ordumuz daha çox ərazini azad edə bilərdi».

 





08.03.2018    çap et  çap et