Vaxt.Az

“Azərikimya”da yeni sədr


 

Muxtar Babayevi İmran Arzumanzadə əvəzlədi

“Azərikimya”da yeni sədr Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda “Azərikimya”nın Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə “Azərikimya” İB-nin icraçı direktorunun müavini İmran Arzumanzadə gətirilib.

İ.Arzumanzadə bu vəzifədə deputat Muxtar Babayevi əvəzləyib. M.Babayev daha öncə ölkə başçısının sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərikimya” İB-nin kollektivinə Birliyin Müşahidə Şurasının yeni sədri İmran Arzumanzadəni tədqim ediblər.

İ.Arzumanzadə 19 sentyabr 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Burada 247 saylı orta məktəbdə, daha sonra isə Azərbaycan İnşaat İnstitutunda təhsil alıb. O, İnstitutda körpülər və tunellər istiqaməti üzrə inşaat mühəndisi ixtisasına yiyələnib. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə “Azərittifaq” Reklam-İstehsalat kombinatında çilingər, daha sonra inşaat ustası, 1990-1993-cü illərdə “Azəryol” Elmi-istehsalat müəssisəsində mühəndis, 1993-1995-ci illərdə “Azərbaqroimpeks” xarici-iqtisadi assosiasiyasında baş mütəxəssis, daha sonra Təchizatın təşkili şöbəsinin müdiri vəzifələrində işləyib. 2003-2006-cı illərdə Moskva Dövlət Açıq Universitetində hüquqşünas ixtisası üzrə ikinci ali təhsilini alıb. Burada təhsilini bitirdikdən sonra, 2006-2010-cu illərdə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda şöbə rəisi, daha sonra direktorun nəqliyyat və satış üzrə müavini vəzifələrində işləyib. 2010-cu ildən bu günə kimi isə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində icraçı direktorun satış və satınalmalar üzrə müavini vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

 





01.05.2018    çap et  çap et