Vaxt.Az

Şeyxə təhlükə


 

Ərəblərdən pul alması iddialarının QMİ sədrini qəliz duruma qoyduğu, müavinlərinin fəallaşdığı iddia olunur...

Şeyxə təhlükə Son zamanlar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) daxilində baş verənlərlə bağlı redaksiyamıza daha bir məlumat göndərilib. QMİ daxilində, ümumiyyətlə son zamanlar dini idarə və Şeyxülislam ətrafında baş verənlər haqda olan yazıda bir sıra ilginc məqamlar var.

Məlumatda qeyd olunur ki, son günlər dini idarədə münasibətlər kəskinləşib: «Qafqaz Müsəlmanları İdarəsində əməlli-başlı qırğın başlayıb. Belə ki, sünnilər və şiələr arasında Hacı Allahşükür Paşazadə heç nə edə bilmir. Azərbaycanın Prezident Aparatında söhbət gedib ki, Paşazadə ölkəni pis günə qoyub. Bütün Prezident Aparatı işçiləri bunu yaxşı bilir. Paşazadə ərəblərdən aldığı küllü miqdarda pula görə bu günə qədər susub. Bunun nəticəsində hamı meydana daxil olub. Söhbət gedir ki, Paşazadəni QMİ-dən bayıra atmasalar da bir çox səlahiyyətlərini əlindən alacaqlar. Onun bir çox səlahiyyətləri İslam Universitetinin rektoru Hacı Sabirə veriləcək». 

Eyni zamanda məlumatda QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında vəziyyətin gərginləşdiyi qeyd olunur: «Fürsətdən istifadə edən Elşad İsgəndərov dövlətdən tələb edir ki, QMİ-nin bir çox səlahiyyətləri DQİDK-ya həvalə edilsin. Əsasən məscidləri və məscidə axund təyin edilməsi səlahiyyətlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsindən söhbət gedir».

İnformasiyada həmçinin, qeyd olunur ki, QMİ-nin bir çox səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda QMİ daxilində sədr müavinləri Hacı Sabir Həsənlinin, eləcə də Salman Musayevin fəallaşdığı, sonuncunun adamları ilə Şeyxin adamları arasında qarşıdurma baş verdiyi iddia edilir: «Bundan sonra QMİ-nin çox səlahiyyətlərini ya Elşad İsgəndərova verəcəklər, ya da İslam Universitetinin rektoru Hacı Sabirə. Hacı Sabir də Elşad Abdillayevlə görüşüb və təklif edib ki, gəl birlikdə işləyək. Belə edək ki, Şeyxin bir çox işlərini də bizə versinlər. Bundan başqa, Hacı Salmanın adamları ilə Paşazadənin adamları arasında söyüşlü mübahisələr gedir».

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

 





17.02.2014    çap et  çap et