Vaxt.Az

“… Ümumavropa layihəsidir”


 

Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”

“… Ümumavropa layihəsidir” Transadriatik qaz kəməri (TAP) İtaliyanın daxili işi deyil, Avropa Komissiyasının dəstəklədiyi ümumavropa layihəsidir.

Bunu “Trend”ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov İtaliyanın yeni hökumətinin skeptik bəyanatını şərh edərkən deyib.

F.Məmmədov qeyd edib: "Bu, iri transmilli şirkətlərin daxil olduğu böyük konsorsiumdur. TAP ümumavropa layihəsidir və Avropa Komissiyasının səlahiyyətindədir. Əgər İtaliyanın yeni hökumətində suallar yaranırsa və skeptik bəyanatlar səsləndirirsə, ilk növbədə buna həmin layihəni milli səviyyədən beynəlxalq səviyyəyə qaldıran Avropa Komissiyası reaksiya verməlidir”.

Onun sözlərinə görə, vaxtilə SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsinin özəlləşdirilməsində iştirak etmək arzusunu elan edəndə və DESFA-nın səhmlərinin 66 faizini əldə edərək ilk mərhələni uğurla başa vuranda Avropa İttifaqının eyni şirkətin həm tədarükçü, həm paylayıcı, həm də satıcı kimi çıxış etməsinə imkan verməyən üçüncü emergetika zərfinə görə Dövlət Neft Şirkəti yekunda səhmlərin 17 faizini güzəştə getməli oldu: “Bu, prosesi ləngitdi və nəticədə razılaşma pozuldu. Bu məsələdə məhz Avropa Komissiyası günahkar idi. Əgər Komissiya TAP layihəsini dəstəkləyirsə, qaz tədarükünün şaxələndirilməsi üzrə bütün strateji hədəfləri reallaşdırmağa cəhd edirsə, o zaman İtaliya hökumətinə müəyyən dərəcədə təsir göstərməlidir ki, həmin qaz kəməri vaxtında istismara verilsin”.

SAM direktoru bildirib ki, əgər layihə vaxtında başa çatmasa, konsorsium bütün məsələlərlə bağlı məhkəmə qaydasında iddia qaldırmalıdır: “Belə ki, qazın bu kəmərlə nəql edilməsi barədə müqavilələr imzalanıb və bu qazın Avropa bazarlarına tədarük müddəti dəqiq göstərilib”.

Qeyd edək ki, bir müddət əvvəl İtaliyanın ətraf mühit naziri Sercio Kosta İtaliyanın TAP və digər iri layihələrdə iştirakına yenidən baxılacağını deyib.

 





10.06.2018    çap et  çap et