Vaxt.Az

Prezidentin mesajı kifayət qədər aydındır


 

Azərbaycan dosta güvən, düşmənə gözdağı verdi

Prezidentin mesajı kifayət qədər aydındır Azərbaycan dosta güvən, düşmənə isə gözdağı verdi. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasınını 100-cü ildönümündə Prezident, Ali Baş Komandan İlham Əliyevin bəyanatları bir daha onu göstərdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcək siyasi iradəsi də, hərbi gücü də var. Dövlət başçısı açıq bəyan edib ki, ölkənin qarşısında duran başlıca vəzifə ərazi bütövlüyünü bərpa etməkdir.

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Elə buna görədir ki, 2003-cü ildən bu günə qədər hərbi xərclər 15 dəfə artıb, hərbiçilərin xidmət şəraiti yaxşılaşdırılıb.

Dövlət başçısı Ordunun müasir texnika və silahlarla təmin olunmasının da daimi proses olduğunu bildirib. Bu həm xarici ölkələrdən alınan hərbi məhsulların, həm də yerli istehsalın hesabına mümkün olub.

Ali Baş Komandan bildirib ki, Azərbaycan öz Ordusunu daim gücləndirəcək, öz maliyyə imkanlarından istifadə edərək müasir silahlar almaqda davam edəcək. Çünki dünyada gedən proseslər onu göstərir ki, beynəlxalq hüquq işləmir. Ona görə Azərbaycan daha güclü olmalıdır.

Aprel döyüşlərində Ermənistanın yaratdığı mifi darmadağın edən Azərbaycanın qüdrətli Ordusu bunu bu il Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatında da bir daha sübut etdi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpaq işğaldan azad edildi.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma bu o demək deyil ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq niyyətindədir.

Ali Baş Komandanın istər qarşı tərəfə, istərsə də vasitəçilərə mesajı kifayət qədər aydındır. Sürətlə inkişaf edən Azərbaycan ordu quruculuğunu daim diqqətdə saxlayacaq və hər an müharibəyə hazır olan Silahlı Qüvvələrə malikdir.

Ən başlıcası isə budur ki, Azərbaycanda xalq və hakimiyyət arasında birlik, həmrəylik var. Bu həmrəylik və etimad qələbə ruhunu yaradır. (Xezerxeber.az)

 





26.06.2018    çap et  çap et