Vaxt.Az

İnvestorların qulağı ABŞ-a dikilib


 

Okeanın o tayından gələcək inflyasiya ilə bağlı önəmli göstəricilər diqqət mərkəzindədir

İnvestorların qulağı ABŞ-a dikilib “InvestAZ” İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


Valyuta bazarında çalxalanma

 

Amerika hökumətinin yeni sərt xarici ticarət siyasətinin əmək bazarında işsizlik səviyyəsinin 4 faizə kimi artmasına təsir etməsi xəbərlərindən sonra dolların aparıcı valyutalara, həmçinin avroya qarşı qiyməti ucuzlaşmağa başlayıb. Beləliklə, 1.1760 dolların üzərində ticarət edilən avro/dollar məzənnəsi 1.1851 dollara kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də investorların diqqət mərkəzindədir.

 

***

 

Funt-sterlinq/dollar məzənnəsi də dolların ucuzlaşması fonunda dəyər qazanmaqdadır. 1.3300 dollara təklif edilən funt sterlinq 1.3318 dolları da yuxarı istiqamətdə qırarsa, 1.3362 dollar və 1.3472 dollara kimi bahalaşa bilər.

Çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin sənaye sektoru ilə bağlı statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.

 

***

 

Türkiyə maliyyə bazarlarında isə dollar/lirə məzənnəsi 4.57 lirəyə ticarət edilir və 4.55 lirəni də aşağı istiqamətdə qırarsa, 4.48TL-yə kimi ucuzlaşa bilər.

 

Neft bahalaşa bilər

 

Dolların ucuzlaşması, enerji bazarlarında da Avropanın “Brent” nefti qiymətinin dəyər qazanmasına təsir edir. Təhlillərə əsasən, bir barel üzrə qiymət 77.55 dolları da yuxarı istiqamətdə qırarsa, 78.50 dollara kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

Qızıl dəyər qazanıb

 

Əlvan metallar bazarlarında qızılın qiyməti 1259 dollara (40.4 dollar/qram) kimi dəyər qazanıb. Burada isə bir unsiya üzrə qiymət 1261 dolları (40.5 dollar/qram) yuxarı istiqamətdə qırarsa, 1273$-a (40.8 dollar/qram) kimi bahalaşa bilər.

QEYD: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 





09.07.2018    çap et  çap et