Vaxt.Az

Dəhşətli silah sınandı


 

ABŞ dünyada inqilab edəcək topunu işə salır (video)

Dəhşətli silah sınandı ABŞ Silahlı Qüvvələri bu ilin yayından başlayaraq öz hərbi gəmilərini lazer topu ilə təchiz edəcək. Bu silah uzun müddətdir sınaqdan keçirilirdi və nəhayət, orduda tətbiq olunmağa icazə alıb. Virtualaz.org saytı Qərb nəşrlərinə istinadən xəbər verir ki, lazer topu ilk dəfə hazırda Fars körfəzində növbə çəkən Amerika desant gəmisi «Ponse»də quraşdırılacaq.

Lazer topları pilotsuz kəşfiyyat təyyarələrini və sürətli katerləri sıradan çıxarmaq üçün nəzərdə tutulub. ABŞ hərbçiləri bunları «asimmetrik təhdidlər» adlandırır. Tezliklə Amerika hərbçiləri lazer topundan başqa elektromaqnit topunu da sınaqdan keçirəcək. O, səsdən 5-6 dəfə sürətli uçan mərmilərlə atəş açır. Bu silah düşmən hərbi gəmilərinə ciddi zərər vurmaq iqtidarındadır. Elektromaqnit topunun sınağı artıq quruda keçirilib.

Lazer silahına gəldikdə isə ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri bildirir ki, bu silahın tətbiqi döyüş əməliyyatlarının aparılmasına yanaşmanı kökündən dəyişdirəcək. Bu, ilk növbədə onunla bağlıdır ki, yeni silahı idarə etmək üçün cəmi bir nəfər kifayətdir. Amerika hərbçilərinin qənaətinə görə, Fars körfəzində pilotsuz kəşfiyyat təyyarələrindən və sürətli katerlərdən ciddi təhdid mövcud deyil.

Digər tərəfdən, Amerika mühəndislərinin ixtira etdiyi yeni silahın tətbiqi adi silahların tətbiqindən qat-qat ucuz başa gəlir. Məsələn, düşmən ballistik raketini və ya təyyarəsini sıradan çıxarmaq üçün buraxılan raket təxminən 1,4 milyon dollara başa gəlir. Lakin lazer topundan atəş açmaqla düşmən təyyarəsini və ya raketini vurmaq cəmi bir neçə dollar xərc tələb edəcək.

Lakin yeni silahın hələlik bəzi nöqsanları da var. Birincisi, lazer topu həddən artıq elektrik enerjisi istifadə edir və onun tətbiqi gəminin elektrik sistemlərinin sıradan çıxmasına səbəb ola bilər.

İkincisi, bu silah dumanlı və yağışlı havada tamamilə faydasızdır.

Nəhayət, lazer topunun buraxdığı şüa düz xətt şəklindədir və bu şüa birbaşa görüş məsafəsində olmayan hədəfləri vura bilməz.

Bununla belə, Amerika mühəndisləri yeni silahı təkmilləşdirmək üzərində işləyirlər. Pentaqon rəsmiləri deyirlər ki, onların ixtira etdiyi yeni silah doğrudan da fantastika filmlərinin süjetlərini xatırladır. Belə ki, lazer topunun buraxdığı şüa cəmi bir neçə saniyədə nəhəng təyyarəni və kateri yandırıb külə çevirə bilər. Ancaq filmlərdən fərqli olaraq bu silahın real tətbiqi zamanı onun şüasını adi gözlə görmək mümkün deyil. Çünki şüa düyməni basandan sonra bir neçə saniyədə hədəfə çatır və onu yandırır.

 





18.02.2014    çap et  çap et