Vaxt.Az

Paşinyanın cəsarətli …


 

…Lavrovun qəzəbli bəyanatı

Paşinyanın cəsarətli … Paşinyan bildirib ki, Rusiya Ermənistandakı yeni situasiyaya uyğunlaşmalıdır. Cəsarətli bəyanatdır. Paşinyan axmaq deyil və nə dediyini, söylədiklərinin hansı nəticələrə səbəb ola biləcəyini anlayacaq yetkinliyə sahibdir. Onun bu cür inamlı danışmasının səbəbləri var:

- Paşinyan xalqın dəstəyini arxasında hiss edir və bu amil ona güc və özgüvən verir;

- Rusiya postsovet məkanında, o cümlədən Ermənistanda hər zaman elitalar və onların daxilindəki qruplarla işləyib, toplumları, xalq amilini gözardı edib. Moskva indi Ermənistanda bu siyasətinin mənfi nəticələri ilə üzləşib və “stavka” edəcəyi hər hansı parlaq siyasi fiqur tapa bilmir. (Hələ ki.) Son olaraq, daha öncə istifadə olunmuş “kart” - Robert Köçəryan üzərindən yeni oyun qurmaq istədilər, Paşinyan duyuq düşüb bu oyunu pozdu. Kələntərov-Lavrovun qəzəbli bəyanatının səbəbi budur;

- Moskva Cənubi Qafqaz regional geosiyasətində Ermənistana və erməni faktoruna hələ də möhtac olaraq qalır. Burada, eləcə də Gürcüstanın işğal altındakı regionlarında hərbi mövcudiyyəti ilə o, ənənəvi nüfuz zonası olan Qafqazda və Qara dəniz regionunda möhkəmlənməklə NATO ekspansiyası qarşısında müəyyən bufer zonası yaratmış olur. Digər tərəfdən, Rusiyaya İran və Türkiyə sərhədlərinə çıxış imkanı verən Ermənistanın geostrateji önəmi böyükdür. Paşinyan bütün bunları yaxşı anladığı üçün Rusiyaya "bizim sizə ehtiyacımız olduğu kimi, sizin də bizə ehtiyacınız var, bunu bilmədiyimi zənn etməyin" mesajı verir;

- Rusiya Ermənistanda özünün köhnə üsullarına uyğun, 1999-cu ilin parlament terroruna bənzər hadisələr törədə bilər. Amma bu halda, Ermənistanı tam itirmək təhlükəsi var. Yəni risk böyükdür...

 

Hələ ki Rusiya üçün yeganə rasional seçim kimi bu görünür ki, Paşinyanın tədricən yıpranmasını və iqtisadi problemlər səbəbi ilə nüfuzdan düşməsini gözləsin. Lakin Paşinyan Qərblə yaxınlaşmaq, erməni diasporunun kapitalını ölkəyə cəlb etmək və ən nəhayət, Azərbaycan və Türkiyə ilə barışmaqla bu gözləntiləri boşa çıxara bilər.

Mən Qərbin təşviqi ilə Azərbaycan və Ermənistan arasında, Elmar müəllim demişkən, substantiv danışıqların başlaması ehtimalını ciddi sayıram. Bəlkə də, bu proses gizli təmaslar şəklində artıq başlayıb. Və bəlkə də son vaxtlar Qərbin Azərbaycan daxilindəki bəzi hadisələrlə əlaqədar nümayiş etdirdiyi susqunluğun səbəbini burada axtarmaq lazımdır.

 





11.08.2018    çap et  çap et