Vaxt.Az

“Komandanın xərclərini cibimdən ödəyirəm”


 

Şəhriyar Məmmədyarov: “Mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram”

“Komandanın xərclərini cibimdən ödəyirəm” Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm.Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm.

Məsələyə aydınlıq gətirmək üçün bildirmək istəyirəm ki, son 5 il ərzində aidiyyəti qurumlar tərəfindən yalnız iddiaçılar turniri üçün maliyyə dəstəyi almışam. Bu məbləğ isə yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.

Həmçinin milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir.

Ümumi il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm.

Mənim şahmatdan başqa gəlir mənbəyim olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib ödəmək və başqa xərcləri öz hesabıma ödədiyim üçün, məcbur olub çox sayda turnirlərə qatılıram. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır və yarışlarda effektivliyi aşağı salır.

Eyni zamanda qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq üçün və dünya miqyasında rəy bildirmək üçün, mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var.

Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqi olan şahmatçılar həm dövlət həm də fərdi sahibkarlar tərəfindən dəstək alırlar, mən isə burada özümün və komandamın yeməyini belə, öz hesabıma odəyirəm.

Heç bir halda mənim bu fikirlərimi hansısa maddi qazanc məqsədi daşıdığını düşünməyin. Hər bir peşəkar idmançı kimi mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram.

Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama verim, ki dünya səviyyəsində ilk 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim məşq toplantılarının keçirilməsi üçün güclü sparing partnyorlar. Bu tərkibdə komandanın saxlanması isə sözsüz ki, böyük miqdarda vəsait tələb edir.

Biz dəfələrlə sponsorluq üçün şirkətlərə müraciət etmişik, (son dəfə 6 il əvvəl olub) lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim və bunun üçün həm sizlərə həm təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu məni çox ruhlandırır.

Sonda Amerikada oynadığım turnirlərdə mənə dəstək olan hər kəsə təşəkkürlər. Bu turnirdə reytinqimi bir az da qaldırdım və 9 oyunda məğlub olmadım! Çox sağ olun!

 





28.08.2018    çap et  çap et