Vaxt.Az

Putinin Qarabağ münaqişəsinin həllinə marağı varmı?


 

Meydana çıxdığı gündən indiyə kimi açıq qalan sual

Putinin Qarabağ münaqişəsinin həllinə marağı varmı? Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də edəcəyi səfərə böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi.

Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı.

Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər də var idi. Ancaq bunun üçün Azərbaycan da nəsə addım atmalıdır. “Nəsə” deyilən addım da Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü sayıla bilərdi. Çünki Azərbaycan prezidentinin Rusiyaya səfərindən hələ 10 gün əvvəl qəfil bu mövzu Azərbaycan cəmiyyətinin müzakirəsinə çıxarıldı və təşkilata üzvlüyün Azərbaycanın xeyrinə olacağı kimi fikirlər aşılanmağa başladı. Ancaq “kim təminat verə bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək” sualı da açıq qalırdı. Buna baxmayaraq, Azərbaycan prezidentinin Rusiyaya səfəri çərçivəsində bu məsələyə aydınlıq gətiriləcəyi birinci yanaşmanın ana xəttini təşkil edirdi.

İkinci yanaşma. Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcək. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqlar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməz.

Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.

İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik”.

Görüş yekunlaşqıddan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.

Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olub. Buna baxmayaraq, Putinin Qarabağla bağlı sözlərində niyyət var, qətiyyət yoxdur. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı açıq qalır. Bu sual açıq qalırsa Azərbaycanın Rusiyanın xeyrinə xarici siyasətinə ciddi korrektə edib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün gündəmdə saxlanılmasının mənası yoxdur. Çünki ortada Qarabağla bağlı qazancımız yoxdur.

Yeri gəlmişkən, Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Rusiya prezidentinin Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etməsi də Azərbaycana xoş olmayan mesaj sayıla bilər. Putin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir.

 





02.09.2018    çap et  çap et