Vaxt.Az

“İşğal aradan qaldırılmalıdır”


 

Hikmət Hacıyev: “Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır”

“İşğal aradan qaldırılmalıdır” Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici mətbuata müsahibəsində Amerika sanksiyalarının təsirləri, prezident İlham Əliyevin Rusiyaya səfəri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşündən danışıb.


- ABŞ-ın İran, Rusiya və Türkiyəyə qarşı sanksiyalarının Azərbaycanın xarici siyasət kursuna hansı təsirləri ola bilər? Azərbaycanın sanksiya altında olan dövlətlərlə münasibətlərində hansı yenilikləri gözləmək olar?

- Azərbaycan Respublikasının xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Ona görə də ikitərəfli əsasda qeyd etdiyiniz hər üç ölkə ilə Azərbaycan arasında etimada əsaslanan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri var və bu zəmində də əlaqələrimiz inkişaf edir. Biz də istərdik ki, hazırda beynəlxalq münasibətlərdə və qeyd olunan ölkələrlə ABŞ arasında yaranmış olan anlaşılmaz məsələlər dialoq və anlaşma şəraitində aradan qalxsın, bu istiqamətdə məsələlər pozitiv məcrada inkişaf etmiş olsun. Amma Azərbaycan Respublikası yenə də qonşu dövlətlər olaraq hər üç dövlətlə öz əməkdaşlığını inkişaf etdirir və əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ümumiyyətlə, sanksiyalar rejiminə gəldikdə isə Azərbaycan Respublikasının yanaşması ondan ibarətdir ki, BMT nizamnaməsində sanksiyalar rejimi ilə əlaqədar konkret müddəalar var. Sanksiyalar rejiminə də BMT çərçivəsində mövcud olan mexanizmlər əsnasında baxılmalıdır. Hər hansı ikitərəfli müstəvidə olan sanksiyalar rejimi məsələlərin həllinə, ümumi bir etimad və əməkdaşlıq mühitinin yaranmasına köməklik göstərən amillər deyil.

 

- Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin əsas prioritetləri təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya, insan hüquqları və idarəetmə islahatlarına əsaslanır. Bəs Azərbaycanın ABŞ-la münasibətlərinin əsas prioritetlərini nə təşkil edir?

- Qeyd olunan istiqamətlər Azərbaycan-ABŞ arasında əməkdaşlığın paylaşılan prioritet istiqamətləri kimi qeyd oluna bilər. Müstəqilliyimizin ilk illərindən baxsaq, qeyd olunan hər bir istiqamət üzrə nailiyyətlərimiz və əldə olunan inkişaflar var. Xüsusilə enerji sahəsini götürməliyik. ABŞ-ın Azərbaycanın enerji sektorunun inkişafına göstərdiyi siyasi, iqtisadi, investisiya dəstəyi təqdir olunur. Bu gün də ABŞ tərəfindən TANAP və TAP layihələrinə dəstək göstərilir. Bu da Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Təhlükəsizlik sahəsinə baxsaq, terrorizmə qarşı mübarizə, o cümlədən müasir dövrün hədə və təhdidlərinə qarşı mübarizə sahəsində iki ölkə arasında etimada əsasən əməkdaşlıq münasibətləri qurulub. Bu gün Əfqanıstanda Azərbaycan və ABŞ əsgərləri çiyin-çiyinə xidmət edirlər. O ki qaldı digər mövzulara, Azərbaycan Respublikası hər bir sahədə konstruktiv dialoqa, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Son dövrlərdə ABŞ-la Azərbaycan arasında yüksək və ali səviyyədə yazışmaların və qarşılıqlı məktub mübadilələrinin həyata keçirilməsi əməkdaşlığımızın inkişafına öz müsbət təsirini göstərir. Amma hazırki dövrə baxsaq, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki köklü islahatlar və tədbirlər həyata keçirilir. Hesab edirik ki, bu qəbildən olan islahatların həyata keçirilməsi prosesində ABŞ şirkətlərinin qeyri-neft sektorunda daha da fəal təmsil olunmasına ehtiyac var. Digər tərəfdən isə baxsaq, iqtisadi əməkdaşlığımız qarşılıqlı faydalı xarakter daşıyır. Məsələn, Azərbaycanın ABŞ-ın “Boeing” şirkəti ilə əməkdaşlığı, bu şirkətə təyyarə sifarişlərinin verilməsi ABŞ-da on minlərlə yeni iş yerinin açılması deməkdir. Deməli, bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyır. Birgə səylərlə, xüsusilə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə və mədəni-humanitar xarakterli əməkdaşlığın inkişaf etdirilməsinə, hesab edirik ki, böyük zərurət və ehtiyac var. Xüsusən, ABŞ-dan turistlərin daha çox cəlb olunması istiqamətində səylərimiz artırılmalıdır.

 

- Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük və ya müşahidəçilik məsələsi gündəlikdə dururmu?

- Dövlət başçısının Rusiya Federasiyasına rəsmi səfəri nəzərdə tutulur. Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında yüksək və ali səviyyədə olan səfərlər və bu qəbildən olan dialoq çox mühüm xarakter daşıyır. Ümumiyyətlə, Rusiya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində, mehriban qonşuluq prinsipləri əsasında inkişaf edir. Səfər əsnasında da - Rusiya tərəfindən də artıq rəsmi məlumat verilib - geniş spektrdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, həmçinin müxtəlif sənədlərin imzalanması nəzərdə tutulur. Amma sözügedən mövzu (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nəzərdə tutulur - red.) konkret müzakirə mövzusu deyil.

 

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşündəmünaqişənin nizamlanması ilə bağlı hansı məsələlər müzakirə ediləcək. BMT Baş Assambleyasında açıllış çıxışında Azərbaycan hansı məsələləri qaldıracaq?

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin gündəliyi və müzakirə olunan mövzular hər kəsə çox yaxşı bəllidir. Ermənistan tərəfi də bunu çox gözəl bilir və münaqişənin həlli ilə əlaqədar olan yol xəritəsi də aydın xarakter daşıyır. Burada ilk növbədə həmsədrlərin özlərinin də dövlət başçıları səviyyəsində qeyd etdikləri kimi işğala əsaslanan status-kvo dəyişdirilməlidir. Yəni, işğal faktı aradan qaldırılmalıdır. Nəticə etibarı ilə hərbi risk amilinin aradan qalxması ilə münaqişənin siyasi həlli üçün zəmin yarana bilər. Bu məsələlərin substantiv və intensiv şəkildə müzakirə edilməsi Azərbaycanın həmişə dəstəklədiyi bir mövqedir. 2018-ci ilin iyul ayından, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü keçirilib. Hesab edirik ki, bu da münaqişənin həlli ilə əlaqədar danışıqların intensiv və substantiv əsasda aparılmasına öz töhfəsini verəcək. O ki qaldı BMT Baş Assambleyasına, Azərbaycan Respublikası həmişə BMT Baş Assambleyasındakı çıxışlarında məhz beynəlxalq münasibətlərdə qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə və bütün dövlətlər tərəfindən BMT nizamnaməsindən irəli gələn prinsiplərə riayət edilməsini xüsusi olaraq vurğulayır. Həmçinin də Azərbaycan tərəfi bu məqamlarla bərabər davamlı və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi və bu istiqamətdə görülən tədbirlər barədə öz fikir və qeydlərini çatdıracaq.

 





02.09.2018    çap et  çap et