Vaxt.Az

Maduronun “qida borusu” daralır


 

PDVSA sanksiyalarına sözardı...

Maduronun “qida borusu” daralır ABŞ Venesuelanın PDVSA (Petroleos de Venezuela Sociedad Anonima) dövlət neft-qaz şirkətinə sanksiya tətbiq edib.

Şirkətin ABŞ-dakı 7 milyard dollarlıq aktivi və daha 11 milyard dollarlıq hələ daxil olmamış gəliri bloklanıb. PDVSA ABŞ-da “Citgo Petroleum” adlı törəmə şirkətin sahibidir. “Citgo”nun ABŞ-da 3 neftayırma müəssisəsi, 9 neft kəməri və 48 neft saxlancı var. PDVSA 2016-cı ildə Rusiyadan aldığı 1,6 milyard dollar kreditin əvəzində “Citgo”nun səhmlərinin 49,9 faizini girov kimi “Rosneft”ə verib. Lakin “Rosneft” özü də ABŞ-da sanksiya altındadır və həmin səhmləri əldə etməsi yalnız ABŞ hökumətinin icazəsi ilə mümkündür.

ABŞ maliyyə naziri bildirib ki, “Citgo Petroleum” fəaliyyətini davam etdirə bilır, bir şərtlə ki, gəlirlər Maduro hökumətinə deyil, bloklanmış hesablara köçürülsün və sonradan qanuni hökumətin sərəncamına verilsin. Xuan Quaydo artıq PDVSA və “Citgo Petroleum”un yeni Direktorlar Şurasını formalaşdırmağa başladığını açıqlayıb. Yeri gəlmişkən, Venesuelanın ABŞ-dakı hərbi attaşesi və Mayamidəki baş konsulu Quaydonu qanuni prezident kimi tanıyıblar.

PDVSA Maduro hökumətinin əsas gəlir mənbəyi idi və bu kanalın kəsilməsi rejimin nəfəs borusunun daralması mənasına gəlir. (Digər kanal qeyri-leqaldır.)

Venesuelanın ixracının 95 faizini xam neft təşkil edir. 2007-ci ildə Huqo Çavez "Qərb imperializminə qarşı mübarizə" çərçivəsində neft sektorunu milliləşdirməyə qərar verib. “Total”, “Chevron”, BP və “Statoil” Çaves hökuməti ilə anlaşaraq ölkədəki aktivlərini onlara satıblar. “ExxonMobil” ilə “ConocoPhilips” isə bundan imtina edib, nəticədə hökumət onların aktivlərini ələ keçirib. (“ConocoPhilips” sonradan məhkəməyə müraciət edərək 2 milyard dollar təzminat almağa haqq qazanıb.)

Milliləşdirmədən bəri Venesuelada neft hasilatı azalmağa davam edir. Dərin qatlardan ağır nefti çıxarmaq üçün texnologiyalar yoxdur və emal üçün tələb olunan məhsulları əldə etmək də çətinləşib. PDVSA-nın bütün gəlirləri rejimin maliyyələşdirilməsinə yönəldiyi üçün neft sektoruna yatırımlar etmək mümkün olmayıb. Korrupsiya da öz yerində. Nəticədə 2001-ci ildə gündə 3,2 milyon barel neft hasil olunduğu halda, indi bu, üç dəfəyə yaxın azalaraq 1,1 - 1,3 milyona düşüb. Ölkə defolt vəziyyətindədir və borclarını qaytara bilmir. Çin 2007-2016-cı illərdə Venesuelaya 60 milyard dollardan çox kredit verdiyi halda, daha sonra kredit ayırmağı dayandırıb.

Məncə, Venesuelanın durumu oxşar ölkələr üçün dərs olmalıdır. Azadlıqları məhv edib, diktatura qurmağa çalışmaq və bu işdə Rusiya, Çin kimi böyük güclərə arxalanmaq, göründüyü kimi, çıxış yolu deyil.

 





29.01.2019    çap et  çap et