Pompeo bildirib ki, avropalılar bu həftə Zərif ilə görüşəndə ondan “niyə Zahidanda baş vermiş hücum haqqında belə həyasızcasına sözlər danışmağının səbəbini soruşsunlar”.
ABŞ-ın Dövlət Departamentinin rəhbəri həmçinin bildirib ki, Amerikanın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərinə qarşı baş vermiş hücum ilə heç bir əlaqəsi yoxdur: “Məndə olan məlumata görə, Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya gəlir. Avropalılar onu görəndə belə həyasızcasına işlətdiyi sözlərin səbəbini soruşsunlar. Bəziləri onun mötədil olduğunu deyirlər, amma kimsə Amerika və İsraili qətl törətməkdə ittiham edirsə, o zaman o, mötədil deyil. Bunlar Zərif və Ruhaninin İslam Respublikasının digər rəhbərləri səviyyəsində inqilab təfəkkürünə sahib olduğunu bir daha nümayiş etdirən əlamətlərdirlər”- deyə Pompeo əlavə edib.
Xatırladaq ki, fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərini aparan avtobusa qarşı həyata keçirilmiş kamikadze hücumunda azı 27 “Sepahçı” öldürülmüş, 13 nəfər isə yaralanmışdı. Bundan qısa müddət sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi “Twitter” səhifəsində yazdığı statusla Varşavada Yaxın Şərqdə sülh və təhlükəsizlik adlı konfransın keçirilməsi ilə bu hücumun baş tutmasının eyni gündə olmasını təsadüf saymamışdı və bu hadisəyə görə Qərbi günahlandırmışdı. Hücuma görə məsuliyyəti “Ceyşul ədl” (ədalət ordusu-red.) öz üzərinə götürmüşdü.